Daşkəsənin bütün ümumtəhsil məktəblərində Bilik Günü qeyd edilib
Sentyabrın 16-da Daşkəsənin bütün ümumtəhsil məktəblərində ənənəvi Bilik Gününə həsr edilmiş təntənəli bayram tədbirləri keçirilib.Tərtib edilmiş qrafikə uyğun olaraq rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəallıq göstərən bir qrup ziyalı, ağsaqqal və ictimaiyyət nümayəndələri şagirdlərin və təhsil işçilərinin sevincinə qoşulublar.
Tədbirlər Dövlət Himnimizin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin, o cümlədən şəhidlərimizin əziz xatirələrini yad etməklə başlayıb.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Quşçu kənd Ə.İsmayılov adına tam orta məktəbdə təşkil olunan Bilik Günü tədbirində iştirak edib. Bilik Günü münasibətilə məktəbliləri, bu il ilk dəfə məktəbə qədəm qoyan birinciləri, müəllimləri, təhsil sahəsində çalışan hər bir kəsi və valideynləri təbrik edən icra başçısı çıxışında diqqətə çatdırıb ki, Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın təhsilə göstərdikləri xüsusi diqqət və qayğı nəticəsində Daşkəsən rayonunda da şagirdlərin normal təhsil almaları üçün yeni məktəb binaları tikilmiş, əsaslı təmir işləri görülmüş, təhsilin maddi-texniki bazası gücləndirilmiş, tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm islahatlar aparılmışdır. Orxan Abbasov təhsil sahəsində islahatların zamanın tələblərinə uyğun bundan sonra da ardıcıl olaraq davam etdiriləcəyini vurğulayıb.
Digər çıxış edənlər də Bilik Günü münasibətilə məktəb kollektivini təbrik edərək xoş arzularını bildiriblər.
Şagirdlərin hazırladıqları bədii kompozisiyalar isə alqışlarla qarşılanıb.
İlk zəng çalındıqdan sonra icra başçısı Orxan Abbasov sinif otaqlarında olub, məktəblilərlə səmimi söhbət edib.
Rayonun bütün ümümtəhsil məktəblərində ilk dərs “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunub.