DAŞKƏSƏNDƏ “ZƏRƏRLİ VƏRDİŞLƏR SAĞLAMLIQ ÜÇÜN TƏHLÜKƏDİR” MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ TƏDBİR VƏ AKSİYA KEÇİRİLİB
İyunun 17-də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) Daşkəsən Rayon İcra Hakimiyyətinin və Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirdiyi tədbirdə ictimaiyyət nümayəndələri, Daşkəsən şəhər “Cümə” məscidi dini icmasının üzvləri və gənclər iştirak ediblər.
Daşkəsən RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyev tədbir iştirakçılarını RİH-nin başçısı Əhəd Abıyevin adından salamladıqdan sonra çıxış edərək bildirib ki, rayonda əhalinin sağlamlığının qorunması, gənclərin sağlam ruhda tərbiyə olunması daim diqqət mərkəzində saxlanılır, xüsusən yeni nəsli sağlamlığa təhlükə törədən tütünçəkmə, narkomaniya kimi zərərli vərdişlərdən qorumaq mühüm məsələlərdəndir. Elmar Əliyev görüşün “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.11-ci bəndinin, habelə “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın icrası üzrə əsas fəaliyyət istiqamətlərinin 9.2.1-ci bəndinin tələblərinə uyğun olaraq keçirildiyini də diqqətə çatdırıb.
Rayon Heydər Əliyev Mərkəzinin direktoru Nailə Məmmədova gənclərin inkişafı üçün sağlam həyat tərzi keçirməyin vacibliyini qeyd edərək zərərli vərdişlərin doğurduğu fəsadlar haqqında onları vaxtında məlumatlandırmağın əhəmiyyətini qeyd edib.
İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva paytaxtda və regionlarda sağlam həyat tərzinin təbliğinə dair keçirilən silsilə tədbirlərin təsirini vurğulayaraq bildirib ki, səhiyyə işçiləri və ictimai səhiyyə mütəxəssisləri tərəfindən əhali arasında keçirilən tədbirlərdə sağlam həyat tərzi istiqamətində geniş təbliğat aparılır.
İSİM-in İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev isə qeyri-infeksion xəstəliklər barəsində ətraflı məlumat verərək deyib ki, zərərli vərdişlər qeyri-infeksion xəstəliklərin əsas risk amilidir.
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.
İyunun 20-də isə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi Daşkəsən Rayon İcra Hakimiyyəti ilə birgə Daşkəsən şəhərində açıq havada əhali üçün zərərli vərdişlərə qarşı maarifləndirici təşviqat aksiyası keçirib.
Sakinlərin və gənclərin fəal iştirak etdiyi aksiyanın məqsədi həm də tütünçəkmə və narkomaniya ilə mübarizə sahəsində maarifləndirmə işinin gücləndirməkdir.
26 iyun – Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ərəfəsində keçirilən aksiyada sağlam həyat tərzi seçmək, zərərli vərdişlərdən uzaq olmaq tövsiyə edilib. Təşkilatçılar tərəfindən vurğulanıb ki, narkotik maddələr tələdir, bu tələyə düşən gəncin oradan çıxması çətin olur. Buna görə də, narkotiklərdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməməkdir. Eyni zamanda iştirakçılara tütünçəkmənin fəsadları barədə məlumat verilib, onlara Ümumdünya Səhiyyə Təşkilatının ölkə ofisinin dəstəyi ilə İSİM tərəfindən yaradılan “Tütündən imtina et” mobil tətbiqindən və tütündən imtina üzrə “Qaynar xətt”dən faydalanmaq tövsiyə edilib.
Aksiyaya qoşulanlar xüsusi hazırlanmış “Mən siqaret çəkmirəm! Sən də çəkmə!” adlı plakat fonunda fotoşəkillər çəkdiriblər. Həmçinin rayon sakinlərinə zərərli vərdişlərə dair buklet və vərəqələr təqdim edilib.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
Humanitar məsələlər şöbəsinin müdir müavini