DAŞKƏSƏNDƏ YENİ İŞƏ QƏBUL OLUNMUŞ MÜƏLLİMLƏRLƏ GÖRÜŞ KEÇİRİLİB
Oktyabrın 6-da Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Daşkəsən rayonu üzrə təhsil sektoru Daşkəsən Rayon İcra Hakimiyyəti, YAP Daşkəsən rayon təşkilatı, rayon Gənclər və İdman İdarəsi ilə birgə Elm və Təhsil Nazirliyi tərəfindən imtahanlarda müvafiq keçid balını toplayaraq işə qəbul olunmuş gənc müəllimlərlə görüş keçirib.
Görüş Dövlət Himnimizin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsini yad etməklə başlayıb.
Daşkəsən RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyev giriş nitqində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin adından rayonun ümumtəhsil məktəblərinə təyinat almış gənc müəllimləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva tərəfindən təhsilimizin inkişafı sahəsində Daşkəsəndə də çoxsaylı mühüm layihələrin həyata keçirildiyini bildirib.
Elmar Əliyev müəllimlərin stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində məqsədyönlü işlərin uğurla aparıldığını, ucqar kənd yerləri üçün həvəsləndirmə tədbirlərinin tətbiq edildiyini, müəllimlərin işə qəbulu üzrə müsabiqənin şəffaf keçirilməsi nəticəsində son 10 ildə rayon üzrə vakant olan müəllim yerlərinin ixtisaslı kadrlarla təmin olunduğunu deyib. Vurğulayıb ki, gənclərin ucqar dağ kəndlərində yerləşən təhsil müəssisələrində pedaqoji fəaliyyətə başlaması həmin kəndlərin məktəblərində yaradılmış yüksək təhsil şəraitinin nəticəsidir.
Daşkəsən rayonu üzrə təhsil sektorunun müdiri Elmir Cəfərov isə çıxışında deyib ki, Daşkəsəndə yeni təhsil müəssisələrinin tikilib istifadəyə verilməsi, onların maddi-tədris bazasının zənginləşdirilməsi, gənc müəllimlərin işlə təmin edilməsi, tədris prosesi üçün hər cür şəraitin yaradılması rayonda təhsilin səviyyəsinin artmasına geniş imkanlar açmışdır. Elmir Cəfərov ötən tədris ilində əldə edilmiş uğurları qeyd etməklə yanaşı, qarşıda duran vəzifələrə də toxunub.
Daşkəsən rayon Gənclər və İdman İdarəsinin rəisi Samir Həsənov gənc müəllimləri təbrik edərək Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin apardığı gənclər siyasətinin rolundan bəhs edib.
YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev isə qeyd edib ki, Prezident cənab İlham Əliyevin diqqət və qayğısı ilə son illərdə rayonun ümumtəhsil məktəblərində pedaqoji fəaliyyətlə məşğul olan gənc müəllimlərin sayı əhəmiyyətli dərəcədə artmışdır. Meydanəli Yolçiyev Daşkəsən təhsilinin ildən-ilə artan uğurlarına əmək fəaliyyətinə yenicə başlayan müəllimlərin də töhfə verəcəklərinə əmin olduğunu bildirib, Yeni Azərbaycan Partiyasının cəmiyyətdə rolunun artması fonunda müəllimlərin partiyanın ictimai-siyasi həyatındakı rolundan danışıb.
Tədbirdə gənc müəllimlər də çıxış edərək fəaliyyətləri haqqında danışıb və onlara göstərilən diqqət üçün təşəkkürlərini bildiriblər.
Sonda bir qrup müəllimə təşəkkürnamələr təqdim edilib.
Elmar Əliyev
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini