Daşkəsəndə Yeni Azərbaycan Partiyasının yaradılmasının 32-ci ildönümü qeyd olunub
Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 32-ci ildönümü münasibətilə noyabrın 21-də Daşkəsən rayonunda ümumrayon yığıncağı keçirilib. Tədirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev, Milli Məclisin deputatı Kamran Bayramov və rayonun çoxsaylı partiya fəalları iştirak ediblər.
Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu Ümummilli Lider Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsi ziyarət edilib, gül dəstələri düzülüb, həmçinin Daşkəsən rayon Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən fotolara və eksponatlara baxış keçirilib.
YAP Daşkəsən rayon təşkilatında davam edən partiya fəallarının ümumrayon toplantısını Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov giriş nitqi ilə açıb. Başda möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev və Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini hörmətli Mehriban xanım Əliyeva olmaqla partiyanın bütün üzvlərini Yeni Azərbaycan Partiyasının yaradılmasının 32-ci ildönümü münasibətilə təbrik edən icra başçısı Orxan Abbasov bildirib ki, müasir müstəqil Azərbaycanın bütün sahələrdə qazandığı böyük nailiyyətlər, həmçinin erməni işğalçıları üzərində əldə edilmiş mütləq tarixi Zəfər məhz Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezident cənab İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlıdır. Bu gün bizlər Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 32 illiyini dünyada öz sözünü deyən qalib bir dövlətdə qeyd edirik. Bu, hər bir azərbaycanlını qürurlandırır. Prezident cənab İlham Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyası Qafqazda ən güclü siyasi partiya olmaqla, Azərbaycan xalqının milli maraqlarına xidmət göstərir. Yarım milyondan artıq azərbaycanlını ətrafında birləşdirən Yeni Azərbaycan Partiyası əslində hər bir azərbaycanlının partiyasıdır.
YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev çıxışında vurğulayıb ki, YAP Daşkəsən rayon təşkilatı fəaliyyətini partiya rəhbərliyi tərəfindən qarşıya qoyulmuş bütün vəzifələrin yerinə yetirilməsi üçün uğurla davam etdirir. Hazırda rayonumuzda YAP-a rəqib ola biləcək alternativ yoxdur. Bunun səbəbi daşkəsənlilərin Ümummilli Lider Heydər Əliyev siyasətinə daim göstərdikləri sədaqətdən və sevgidən irəli gəlir. Yeni Azərbaycan Partiyasının bütün uğurlarının və qələbələrinin arxasında xalqın Ulu Öndər Heydər Əliyev siyasətinə və onun layiqli davamçısı möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə olan sarsılmaz inamı və bu inamdan doğan dəstəyi dayanır.
Milli Məclisin deputatı Kamran Bayramov isə çıxışında Ümummilli Lider Heydər Əliyev siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun yüksək səviyyədə uğurla davam etdirildiyini, Azərbaycanın artıq regionda və dünyada söz sahibinə çevrildiyini qeyd edib.
Sonra YAP rayon təşkilatının işində fəal iştirak edən bir qrup partiya üzvünə fəxri fərmanlar təqdim olunub.
Partiya fəallarının ümumrayon yığıncağı Yeni Azərbaycan Partiyası himninin sədaları altında bayram əhvali-ruhiyyəsində başa çatıb.