DAŞKƏSƏNDƏ YENİ AZƏRBAYCAN PARTİYASININ TƏSİS EDİLMƏSİNİN 30 İLLİYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Noyabrın 2-də Daşkəsən Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30-cu ildönümü münasibətilə ümumrayon yığıncağından əvvəl tədbir iştirakçıları müasir müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu ulu öndər Heydər Əliyevin abidəsini və Daşkəsən Şəhidlər Xiyabanını ziyarət edib, gül dəstələri düzüblər.
Ümumrayon toplantısında Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev, YAP idarə heyətinin üzvü, Milli Məclisin deputatı Elşad Mirbəşir, Milli Məclisin deputatı Kamran Bayramov, YAP mərkəzi aparatının məsul işçisi Araz Xudadanov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və partiya fəalları iştirak ediblər.
Tədbirdə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra Ulu Öndərin zəngin mənalı ömür yolunu əks etdirən videoçarxa və fotoşəkillərə baxış keçirilib, habelə Yeni Azərbaycan Partiyasının fəaliyyətinə həsr olunmuş videoçarx da nümayiş etdirilib.
Giriş nitqi ilə çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Yeni Azərbaycan Partiyasının xalqımıza çoxsaylı qələbələr bəxş etdiyini söyləyərək çıxışında deyib:
- Bu gün biz Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30-cu ildönümü ilə əlaqədar ümumrayon yubiley tədbirinə toplaşmışıq.
Dahi şəxsiyyət, dünya şöhrətli siyasətçi, böyük vətənpərvər ümummilli liderimiz Heydər Əliyevin yaratdığı ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, yarandığı gündən ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illik yubileyini möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 30 ildən sonra 44 günlük Vətən müharibəsində Qarabağda qazanılmış mütləq tarixi Zəfərimizin ikinci ildönümünün sevincini yaşadığımız günlərdə qeyd edirik.
Birmənalı olaraq bildirirəm ki, ulu öndər Heydər Əliyev tərəfindən Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətçiliyinin məhv olmaq təhlükəsi ilə qarşılaşdığı çox çətin və mürəkkəb bir vaxtda yaradılmışdır. O dövrdə: "Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub-saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır," – deyən Ulu Öndər Heydər Əliyev ölkəmizdə sabitliyi və vətəndaş həmrəyliyini yüksək məharətlə bərpa etmişdir. Yenidən xalqın təkidli tələbi ilə Azərbaycanda hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev böyük qətiyyəti və iradəsi, nadir və iti dövlətçilik zəkası, incə siyasi duyumu, misilsiz vətəndaşlıq hünəri, Azərbaycan xalqının müstəqilliyi yolunda öz həyatını qurban verməkdən belə çəkinməməsi ilə dövlətçiliyimiz yolundakı bütün maneələri məharətlə aradan qaldırdı. Ümummilli liderimiz o zaman böyük uzaqgörənliklə bildirirdi ki, əgər respublikada sabitlik, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz. Ulu Öndər Heydər Əliyev Azərbaycanın güclü dövlətçilik xəttini, onun siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli inkişafının təməl ideya sütunu olan azərbaycançılıq məfkurəsinin də əsasını qoydu.
Müasir Azərbaycanın bütün sahələrdə qazandığı böyük nailiyyətlər, həmçinin erməni işğalçıları üzərində əldə edilmiş mütləq tarixi qələbə məhz Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün onun siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bilavasitə bağlıdır. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla bütün dünyaya sübuta yetirmişdir.
Sentyabrın 29-da Prezident cənab İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev ili” elan olunması ilə bağlı imzaladığı Sərəncam böyük tarixi əhəmiyyətə malikdir. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın tükənməz milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.
Bu gün bizlər Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illik yubileyini dünyada öz sözünü deyən qalib bir dövlətdə qeyd edirik. Bu, hər bir azərbaycanlını qürurlandırır. Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün sahələrdə çox böyük uğurlar qazanmışdır. Son 19 ilin statistikasına və siyasi xronikasına baxmaq kifayətdir ki, Azərbaycanın uğurlu inkişaf mənzərəsi hər kəsin gözü önündə canlansın.
Bu gün Prezident cənab İlham Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyası Qafqazda ən güclü siyasi partiya olmaqla, Azərbaycan xalqının milli maraqlarına xidmət göstərir. Yarım milyondan artıq azərbaycanlını ətrafında birləşdirən YAP əslində hər bir azərbaycanlının partiyasıdır.
Ölkəmizdəki daxili sabitliyə, aparılan uğurlu xarici siyasətə, respublikamızın hərtərəfli sosial-iqtisadi və mədəni inkişafında misilsiz xidmətlərə, qəlbimizi tükənməz qürur və iftixar hissi ilə dolduran Vətən müharibəsindəki qələbəyə, Qarabağımızda və Şərqi Zəngəzurda rəhbərlik etdiyi nəhəng quruculuq işlərinə, zəngin və möhtəşəm dövlətçilik fəaliyyətinə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini hörmətli Mehriban xanım Əliyevaya bütün daşkəsənlilər adından dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.
Biz, daşkəsənlilər hər zaman ümummilli liderimiz Heydər Əliyevin siyasətinə sədaqət nümayiş etdirmiş, milyonlarla həmvətənlimiz kimi arzu və istəklərimizin təminatçısı olaraq ölkəmizin inkişafını, rifahını bu dahi şəxsiyyətin əzəmətində görmüşük. Bütün daşkəsənlilər adından başda Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev olmaqla, partiyamızın bütün üzvlərini Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümü münasibətilə ürəkdən təbrik edirəm, sizlərə yeni-yeni uğurlar və qələbələr arzulayıram.
Yaşasın Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası!
Yeni Azərbaycan Partiyasının sədri Prezidentimiz cənab İlham Əliyevə eşq olsun!
Yaşasın müasir müstəqil Azərbaycanımız!
YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev geniş məruzə ilə çıxış edərək ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının 30 il ərzində keçdiyi şərəfli inkişaf yolundan danışıb.
YAP idarə heyətinin üzvü, Milli Məclisin deputatı Elşad Mirbəşir isə çıxışında ümummilli lider Heydər Əliyev siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, bu gün Azərbaycanın artıq regionda və dünyada söz sahibinə çevrildiyini diqqətə çatdırıb.
Milli Məclisin deputatı Kamran Bayramov isə Yeni Azərbaycan Partiyasının ölkəmizdə aparıcı siyasi qüvvə olduğunu bildirib, 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən, şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıdan danışıb.
YAP Daşkəsən rayon təşkilatının gənc fəal üzvü, Vətən müharibəsi qazisi Elvin Əliyev çıxışında Yeni Azərbaycan Partiyasının bundan sonra da mühüm nailiyyətlərə imza atacağına gənclər adından əminliyini ifadə edib.
Sonda YAP rayon təşkilatının həyatında fəal iştirak edən bir qrup partiya üzvünə fəxri fərmanlar və partiya sıralarına yeni qəbul olunmuş üzvlərə üzvlük vəsiqələri təqdim olunub.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini