Daşkəsəndə yaz əkin işlərinə başlanılmışdır
Daşkəsən rayonunun şəxsi təsərrüfatlarında bir-neçə gündür ki, yazlıq bitkilərin əkininə başlanılmışdır. 2024-cü ilin məhsulu üçün rayon ərazisində 42 hektara yaxın sahədə lobya və tərəvəz, 600 hektara yaxın sahədə kartof əkilməsi nəzərdə tutulmuşdur. Torpaq mülkiyyətçiləri yaxın günlərdə taxıl, yonca və digər bitkilərin əkininə başlayacaqlar.
Rayonun bütün ərazisində relyefə və iqlim şəraitinə uyğun olaraq əkin məhsulları dəmyə üsulla yetişdirilir. Əsasən Quşçu, Bayan və Zəylik kəndlərində işlər yüksək sürətlə aparılır. Fermerlərin istehsal etdikləri məhsulların daxili bazarlarda satışı nəzərdə tutulur.
Xatıqladaq ki, 2023-cü ilin məhsulu üçün Daşkəsən rayonu üzrə 1095 hektar sahədən məhsul toplanmışdır ki, bunun da 626,5 hektarını və ya 57,2 faizini dənli və dənli paxlalılar, 427 hektarını və ya 39,0 faizini kartof, 41,5 hektarını və ya 3,8 faizini isə tərəvəz təşkil etmişdir.
Rayon üzrə dənli və dənli paxlalı bitkilərin istehsalı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 1399,4 ton və ya 18,4 dəfə, kartof istehsalı 120,7 ton və ya 2,9 faiz artmış, 103,7 hektar bar verən yaşda olan bağlar və giləmeyvəliklərdən hər hektardan 70,2 sentner olmaqla 727,6 ton məhsul toplanmışdır.
Rayonda 2024-cü il yanvar ayının 1-i vəziyyətinə 170 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilmişdir ki, onun 98,2 faizi və yaxud 167 hektarı buğda, 1,8 faizi və yaxud 3 hektarı isə arpa əkinlərinin payına düşür.