Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə “Yaşıl dünyamızda yaradıcı düşüncə” adlı gənclərin yay düşərgəsi keçirilib

15 avqust 2024 | 17:57

 

13-15 avqust tarixlərində Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Xoşbulaq kəndində yerləşən Daşkəsən Gənclərin Təlim və İstirahət Mərkəzində keçirilən “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Yaşıl dünyamızda yaradıcı düşüncə” adlı gənclərin yay düşərgəsi uğurla başa çatıb. Düşərgədə Gəncə-Daşkəsən iqtisadi rayonunun tərkibinə daxil olan Daşkəsən, Goranboy, Göygöl, Samux rayonlarından və Gəncə, Naftalan şəhərlərindən ümumilikdə 50 nəfər yaradıcı gənc iştirak edib.

Düşərgənin məqsədi Ulu Öndər Heydər Əliyev irsinin gənclər arasında təbliği, yaradıcı və istedadlı gənclərin üzə çıxarılması, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi, asudə vaxtın səmərəli təşkili, həmçinin ekoloji maarifləndirmə və ətraf mühitin qorunması sahəsində könüllülük fəaliyyətinin genişləndirilməsi, COP29-un iqlim dəyişikliyinə qarşı mübarizə tədbirlərinə töhfə vermək üçün irəli sürülən təşəbbüslərə qoşulmaq olub.

Üçgünlük düşərgə müddətində “Yaşıl dünyamızda yaradıcı düşüncə” devizi altında gənc rəssamlar təbiəti qorumağı təbliğ edən müxtəlif rəsm əsərləri çəkiblər, təmizlik aksiyasına qatılıblar, əl işləri bacaran iştirakçılar toplanan tullantılarından yaşıl dünyaya aid guşə yaradıblar. Bundan əlavə musiqiçi, rəqqas və aktyor gənclər maraqlı nömrələr hazırlayıblar. Eyni zamanda tarixi abidələrə ekskursiyalar, intellektual əyləncəli oyunlar və digər fəaliyyətlər təşkil olunub.

Düşərgənin sonuncu günü isə gənclərin biri-birindən rəngarəng çıxışları ilə yadda qalıb. Gecədə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini Namiq Süleymanov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəis müavini Rəşad Qarayev, rayon üzrə Gənclər və İdman sektorunun müdiri Samir Həsənov, Daşkəsən Gənclərin Təlim və İstirahət Mərkəzinin direktoru Elşən Tağıyev iştirak edib.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovun adından gəncləri salamlayan Namiq Süleymanov onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı möhtərəm Prezident cənab İlham Əliyev gənclərə böyük inam bəsləyir, onlara hər zaman qayğı göstərir. Respublikamızın bütün regionlarında gənclərin təhsili və asudə vaxtlarının səmərəli təşkili üçün mühüm işlər görülür. Gənclərin müxtəlif layihələrdə iştirakı, təcrübə mübadiləsi, mənəvi inkişafı, dünyagörüşlərinin artırılması, onlara idarəetmə bacarıqlarının aşılanması kimi vacib meyarlar diqqət mərkəzində saxlanılır.

Digər çıxış edənlər respublikamızda uğurla icra olunan dövlət gənclər siyasətinin əsas istiqamətlərindən birinin də bilikli, bacarıqlı və vətənpərvər gənclərin formalaşdırılması olduğunu diqqətə çatıdırıblar və gənclərin əldə etdikləri uğurlardan danışıblar.

Konsert proqramında gənclər ətraf mühitin qorunması barədə səhnəciklər nümayiş etdiriblər, mahnılar oxuyub və rəqslər ifa ediblər.

Keçidlər