Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə “Yaşıl dünya naminə həmrəylik ili” nə həsr olunmuş “Yaşıl gələcəyin səsi” mövzusunda elmi-praktik konfrans keçirilib

29 iyul 2024 | 18:34

Daşkəsən Rayon İcra Hakimiyyəti , Azərbaycan Dövlət Aqrar Universiteti və Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə  Daşkəsən Heydər Əliyev Mərkəzində “Yaşil dünya naminə həmrəylik ili” nə  həsr olunmuş “Yaşıl gələcəyin səsi” mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfransda   Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, Azərbaycan Dövlət Aqrar Universitetinin bağçılıq kafedrasının müdiri Allahverdi Seyidov  və universitetin tələbələri,  Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Vüsal Rzayev, rayon ərazisində fəaliyyət göstərən aidiyyəti qurumların rəhbər və məsul şəxsləri iştirak etmişlər.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı cənab Orxan Abbasov elmi-praktik konfransda giriş nitqində tədbir iştirakçılarını salamlayaraq qeyd etmişdir ki, möhtərəm Prezident cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il  Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması təkcə ölkəmizə deyil, əslində, bütün dünyaya qlobal çağırışdır. Çünki məqsəd gələcəkdə iqtisadi və demoqrafik artımdan  ətraf mühitə dəyə biləcək zərərlərin azaldılması və sağlam həyat konsepsiyasının yaradılmasıdır. Ətraf mühitin çirklənməsinin  qarşısını  almağın ən əsas yolu isə dünyanın  "yaşıllaşdırılmasıdır”.

Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafına dair 5 milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyənləşdirilib. Ölkəmizdə artıq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından, həmçinin dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin reallaşdırılması tədbirlərinin həyata keçirilməsinə başlanılıb.

Azərbaycanın xüsusilə son 30 ildə işğal altında olan torpaqlarında ekosistem dağıdılmış, ətraf mühit müxtəlif  çirklənmələrə məruz qalıb. İşğal dövründə həmin ərazilərdə su mənbələrindən kortəbii istifadə, meşə və qiymətli ağac növlərinin kütləvi məhv edilməsi, fauna-flora balansının pozulması  ölkəmizə yüz milyonlarla dollar həcmində ekoloji ziyan vurub. Habelə Qarabağ və Şərqi Zəngəzurda mina təhdidi davam edir. Bütün bunlara görə, Azərbaycan ətraf mühiti  həddindən çox çirklənməyə məruz qalmış  azsaylı ölkələrdən sayılır. Odur ki, sadalanan və sadalanmayan fəsadları aradan qaldırmaq üçün "yaşıl enerji"yə keçid "yaşıl iqtisadiyyat"ın gündəliyində dayanan vacib faktor kimi dünyanın diqqətini cəlb edir. Elə bu səbəbdən də COP29-a hazırlıq prosesində  "yaşıl dünya"ya açılacaq qapının şüarı  "Yaşıl dünya naminə həmrəy olaq!" seçilib.

2024-cü ilin noyabr ayında Azərbaycan dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a ev sahibliyi edəcək.100 minə yaxın iştirakçının qatılacağı COP29-un ölkəmizdə keçirilməsi Prezident cənab İlham Əliyevin uzun illər ərzində yorulmadan bu istiqamətdə həm ölkə daxilində, həm də xaricdə apardığı Böyük Ekoloji siyasətinin bəhrəsidir. Bu tədbirin Azərbaycanda keçirilməsi böyük etimadın göstəricisi olmaqla, ölkəmizin qlobal problemlərin həllində məsuliyyətli və etibarlı tərəfdaş mövqeyini bir daha təsdiqləyir.

 “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq Daşkəsən rayonunda ötən müddətdə bir sıra ardıcıl tədbirlər rayonun idarə, müəssisə və təşkilatlarının, ictimai birliklərin, könüllülərin və sakinlərin iştirakı ilə yüksək səviyyədə həyata keçirilib. Belə ki, maarifləndirmə tədbirləri çərçivəsində dəyirmi masalar, korfranslar, seminarlar, görüşlər, rəsm sərgiləri, bilik yarışları təşkil olunub, ətraf mühitin qorunmasını təşviq edən banner və posterlər yerləşdirilib.

Yaşıllaşdırma və bioloji müxtəliflik sahəsində nəzədə tutulan tədbirlərin icrası ilə bağlı rayonun müxtəlif ərazilərində keçirilmiş çoxsaylı ağacəkmə aksiyaları çərçivəsində 6500-dən çox müxtəlifcinsli ağac əkilib və qulluq göstərilib.

Su ehtiyatlarından səmərəli istifadənin təmin olunması, alternativ su mənbələrinin yaradılması və həmin mənbələrdən istifadənin genişləndirilməsi əhali arasında müxtəlif tədbirlərlə təşviq olunub.

İstifadə olunmuş kağızların təkrar emalı məqsədilə rayon üzrə kağız tullantılarının toplanması təşkil edilib və 2 tona yaxın kağız tullantı “Azersun Holdinq” MMC-nin Gəncə filialına təhvil verilib.

Eyni zamanda elektrik enerjisindən qənaətlə istifadənin təbliği üçün müxtəlif maarifləndirici görüşlər keçirilib, bukletlər hazırlanaraq əhali arasında paylanıb.

Rayon ərazisində əmələ gələn bərk məişət tullantılarının yerləşdirilməsi, utilizasiyası və zərərsizləşdirilməsi məqsədilə yaşayış məntəqələrində çoxsaylı iməciliklər və təmizlik aksiyaları mütəşəkilliklə keçirilib.

“Yaşıl dünya naminə həmrəylik ili” bağlı təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq Daşkəsən rayonunda tədbirlər ilin sonuna kimi davam etdiriləcəkdir.

Əminəm ki, “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş“Yaşıl gələcəyin səsi” adlı elmi-praktik konfransda mühüm məsələlər müzakirə olunacaq və təhlilə cəlb edilən mövzular əhatə etdiyi sahələrə töhfə verəcək.

Sonra konfransda qlobal iqlim dəyişikliklərinə adaptiv yeni yay otlaqlarının, meşə bərpa əsnasında balverən bitkilərin, həmçinin dağ meyvəçiliyinin yaradıl­ması perspektivləri. Yerli genofondun qorun­ması problemləri, ərzaq təhlükəsizliyinin təmin olunması məqsədi ilə məhsuldar ekoloji şəraitə uyğun buğda sortlarından istifadə, kartofçuluqla bağlı dövlət proqramları və regionda kartofçuluğun movcud vəziyyəti, dağ bölgəsində intensiv meyvəçilik problemləri, qlobal istiləşmə və hidroponik sistem və digər mövzularda məruzələr dinlənilib.

Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim olunub, xatirə şəkli çəkilb.

 

Keçidlər