Daşkəsəndə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində məktəblilərlə maarifləndirici görüş keçirilib
Mayın 3-də Daşkəsən Rayon İcra Hakimiyyətinin rayon üzrə Təhsil Sektoru ilə birgə Daşkəsən şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə keçirdiyi “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş maarifləndici görüşdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçiləri Elmar Əliyev və Elmin Paşayev iqlim dəyişmələrinin dünyanı narahat edən qlobal problemlərdən birinə çevrildiyini, ölkəmizin beynəlxalq ictimaiyyətin etibarlı, məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verdiyini vurğulayıblar, həmçinin “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq Daşkəsən rayonunda ötən müddətdə görülən işlərdən söz açıblar.
İnteraktiv formada baş tutan görüşdə məktəblilərə ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması, canlı aləmin mühafizəsinin vacibliyi barədə məlumat verilib, təbii sərvətlərin qorunması, ekoloji mühitin təmizliyi işinə yeniyetmə və gənclərin nə kimi töhfə verə biləcəklərinə dair söhbətlər aparılıb. Daha sonra ətraf mühitin qorunması istiqamətində məktəblilərin irəli sürdükləri mülahizələr müzakirə olunub, onlara müvafiq tövsiyələr verilib.