Daşkəsəndə Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) yaradılması günü münasibətilə Vətən müharibəsi şəhidləri XTQ-nin döyüşçüləri gizir Şəhriyar Abdullayevin və əsgər Muraz Cabbarovun xatirəsi anılıb
Aprelin 29-da Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi və Daşkəsən Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə keçirilən anım tədbirində Rayon İcra Hakimiyyətinin məsul işçiləri, şəhid ailələri və qazilər, məktəb kollektivləri, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Giriş nitqi ilə çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Məmmədov Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbənin tarixi əhəmiyyətindən, Müdafiə Nazirliyinin nəzdində 1999-cu ilin aprelin 30-da qurulmuş Azərbaycan XTQ-nin Qarabağ müharibəsində göstərdiyi misilsiz qəhrəmanlıqlarından danışıb, şərəfli döyüş yolu keçmiş XTQ-nin daşkəsənli şəhid döyüşçüləri Şəhriyar Abdullayevin və Muraz Cabbarovun, o cümlədən bütün şəhidlərimizin xatirəsinin heç zaman unudulmayacağı vurğulayıb.
Digər çıxış edənlər Daşkəsən Rayon Heydər Əliyev Mərkəzinin direktoru Nailə Məmmədova, Şəhid Şəhriyar Abdullayevin anası Firuzə Abdullayeva, Şəhid Muraz Cabbarovun atası hərbçi İlham Cabbarov, rayon Gənclər və İdman İdarəsinin rəisi Samir Həsənov, Kəlbəcər rayon 73 nömrəli məktəbin direktoru Zabil Həsənov, həmin məktəbin müəllimi Uğurlu Məmmədov, Daşkəsən rayon Qazaxyolçular kənd tam orta məktəbin direktoru Rövşən Eyyubov, “Qazilər Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələrinə Sosial Dəstək” İctimai Birliyinin Qərb bölgəsi üzrə komitəsinin sədri İlham Əliyev Azərbaycan Ordusunun qüdrətindən, şəhidlik zirvəsinə ucalmış XTQ-nin döyüşçüləri Şəhriyar Abdullayevin və Muraz Cabbarovun döyüş zamanı göstərdikləri nümunəvi şücaətdən və onların vətənpərvərliklərindən söz açıblar, şəhid ailələrinə və qazilərə hər zaman göstərdikləri diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Daha sonra Azərbaycan XTQ-nin inkişaf tarixindən və taktiki xüsusi təlimlərindən, o cümlədən daşkəsənli şəhidlərin həyat və döyüş yolundan bəhs edən videoçarxlara baxış keçirilib.
Tədbirdə Daşkəsən şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında şeirlər səsləndirilib.
Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin giziri Abdullayev Şəhriyar Kamil oğlu Vətən müharibəsi zamanı Kəlbəcərin, Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub, qəhrəmanlıq nümunələri göstərib. O, 2020-ci ilin oktyabrın 13-də Hadrut döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb. Prezident cənab İlham Əliyevin sərəncamları ilə Şəhriyar Abdullayev hərbi hissə qarşısında qoyulmuş döyüş tapşırıqlarını, vəzifə borcunu şərəflə yerinə yetirdiyinə, göstərdiyi şücaət və igidliyə görə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni və “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, ”Kəlbəcərin azad olunmasına görə”, “Hərbi xidmətlərdə fərqlənməyə görə” medalları ilə təltif olunub.
Xüsusi Təyinatlı Qüvvələrin əsgəri Cabbarov Muraz İlham oğlu Kəlbəcərin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, Füzuli döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb, 2 noyabr 2020-ci il tarixində Daşkəsən rayonunun Şəhidlər xiyabanında dəfn edilib. Prezident cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Muraz Cabbarov hərbi hissə qarşısında qoyulmuş döyüş tapşırıqlarını, vəzifə borcunu şərəflə yerinə yetirdiyinə, göstərdiyi şücaət və igidliyə görə ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni və "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə", “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Elmar Əliyev
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini