Daşkəsəndə “Xocalı harayı” adlı tədbir keçirilib
Xocalı faciəsinin 32-ci ildönümü respublikamızın hər yerində olduğu kimi Daşkəsən rayonunda da geniş qeyd olunur. Rayonun idarə və təşkilatlarında, mədəniyyət müəssisələrində, orta məktəblərində faciə ilə bağlı müxtəlif anım tədbirləri, foto və rəsm sərgiləri keçirilir.
Tarixi həqiqətlərin daha yaxından öyrənilməsi, xalqımıza qarşı törədilər fəlakətlərin faktlarla gənclərə çatdırılması məqsədilə Xocalı faciəsinin ildönümü ərəfəsində Daşkəsən Rayon İcra Hakimiyyəti rayonun Təhsil Sektoru və Gənclər və İdman Sekroru ilə birgə Daşkəsən şəhəri İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə “Xocalı harayı” adlı tədbir keçirib.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Giriş nitqi ilə çıxış edən RİH-nin məsul əməkdaşı Elmar Əliyev bildirib ki, Xocalı soyqırımı erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifələrindən biridir və Ermənistanın irqi və dini dözümsüzlüyə əsaslanan genişmiqyaslı zorakılıq və ilhaq siyasətinin nəticəsidir. Ermənilər tərəfindən törədilmiş bu faciə təkcə azərbaycanlılara deyil, həm də bütün bəşəriyyətə qarşı qanlı cinayətdir.
E.Əliyev deyib ki, Ulu Öndər Heydər Əliyevin tariximizin ən qanlı səhifələrindən olan Xocalı soyqırımına siyasi-hüquqi qiymət verərək haqq səsimizi dünya dövlətlərinin və beynəlxalq təşkilatların diqqətinə çatdırmış və məhz Ümummilli Liderin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” Qərar qəbul edilmişdir. Xocalı şəhəri ötən il sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan tamamilə təmizlənmişdir. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 2023-cü ilin oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltmaqla Xocalı soyqırımı qurbanlarının qanı yerdə qalmadı və onların qisasının alındığını bütün dünyaya sübut etdi. Bu şanlı tarixi fəxarətlə yazan Azərbaycan igidləri Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin “Dəmir yumruğu”nun gücünü Xocalıda da nümayiş etdirdilər.
Digər çıxış edənlər də Xocalı faciəsinin baş vermə səbəblərindən və acı nəticələrindən söz açaraq həmin günlərin xalqımızın yaddaşında silinməz izlər qoyduğunu və heç zaman unudulmayacağını bildiriblər.
Tədbirin sonunda Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfərlərini və Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltmasını əks etdirən videoçarxa baxış keçirilib və şagirdlər ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.