Daşkəsəndə vətəndaşların müraciətlərinə yüksək həssaslıqla yanaşılır
Daşkəsəndə bütün sahələrlə yanaşı, vətəndaş amili hər zaman ön plana çəkilir. Möhtərəm Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyəsi ilə yerlərdə əhali ilə müntəzəm olaraq keçirilən çoxsaylı səyyar qəbul və görüşlərin, habelə vətəndaşların müraciətlərinə yerində baxışların keçirilməsinin, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə əsasən həlli istiqamətində aidiyyəti qurumlar qarşısında məsələlərin qaldırılmasının nəticəsidir ki, hər bir rayon sakini yazdığı məktuba, ünvanladığı müraciətə dəqiq və operativ şəkildə baxılacağını bilir.
Daşkəsən rayonu Gurbulaq kəndinin bir qrup sakinləri ərazidə fəaliyyət göstərən Əhəng daşı mədəninin yaxınlığından kəndə gələn yolun dağın qüzey yamacına düşməsi səbəbindən qış aylarında əksər vaxtlarda buz bağladığı üçün yolun hərəkət hissəsinin dağın güney yamacına dəyişdirilməsini xahiş etmişdirlər.
Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədovun tapşırığına əsasən İmişli Şəkər zavodunun Gurbulaq Əhəng daşı mədəninin rəhbərliyi ilə kənd sakinlərinin müraciətlərinin qısa müddətdə həll olunması üçün görüş keçirilmişdir. Kəndə gələn yolun mövcud vəziyyəti ilə tanış olmaq üçün yerində araşdırılmış, müvafiq işlərin aparılması üçün aidiyyəti üzrə göstərişlər verilmişdir.
Artıq Gurbulaq kəndinə gələn yolda təmir işlərinə başlanılıb. Xüsusi texnikalar vasitəsi ilə yeni yolun bərpası işləri aparılır, yol yatağı əsaslı təmir olunaraq çınqıl örtüyü döşənir. Yolda aparılan işlər tezliklə başa çatdırılaraq sakinlərin istifadəsinə veriləcək, bütün fəsillərdə nəqliyyatın normal hərəkəti təmin olunacaq.
Kənd sakinləri müraciətlərinə göstərilən operativ, həssas münasibətə, problemlərinin müsbət həllinə görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.