DAŞKƏSƏNDƏ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ TACƏDDİN ABBASOVUN ANIM GÜNÜ QEYD OLUNUB
Oktyabrın 26-da Daşkəsən Şəhidlər Xiyabanında keçirilən Vətən müharibəsi şəhidi əsgər Abbasov Tacəddin Vüqar oğlunun 2-ci ildönümü mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhidin ailə üzvləri, rayonun şəhid anaları, qazilər, ictimaiyyət nümayəndələri və ziyalılar iştirak ediblər.
Əvvəlcə mərasim iştirakçıları Şəhidin məzarına gül dəstələri düzüb, əziz xatirəsini yad edib, dualar oxuyublar.
İcra başçısı Əhəd Abıyev anım mərasimində çıxış edərək deyib:
- Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən Müharibəsində 30 illik işğala son qoyaraq topaqlarımızın azadlığını, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, düşmən üzərində tarixi Zəfər qazandı.
Daşkəsənlilər də Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş, qəhrəmancasına vuruşmuş, onlardan 34 nəfər müqəddəs şəhidlik zirvəsinə ucalmışdır. Belə cəsur, igid döyüşçülərimizdən biri də Vətən müharibəsi şəhidi əsgər Abbasov Tacəddin Vüqar oğludur.
Prezident cənab İlham Əliyevin sərəncamları ilə şəhid Tacəddin Abbasov döyüşlərdə igid, qəhrəman kimi fəal iştirak etdiyi üçün çoxsaylı medallarla təltif olunmuşdur.
Allah şəhidimiz Tacəddin Abbasova rəhmət eləsin, onun əziz ruhu şad olsun. Şəhidimizin anası Həmidə xanımın qarşısında baş əyirik, Allahdan səbir diləyirik.
Bu gün Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva şəhid ailələrinə, qazilərimizə yüksək səviyyədə diqqət və qayğı göstərirlər. Belə ki, bu yaxınlarda dövlət hesabına rayonumuzun ayrı-ayrı şəhid ailələrinə 15 yeni mənzil verilmişdir.
Bütün Daşkəsənlilər adından ölkə rəhbərimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığımızı bildiririk.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun, qazilərimizə cansağlığı, şəfa versin.
Digər çıxış edənlər də şəhid Tacəddin Abbasovla bağlı xatirələrini bölüşüblər.
Şəhidin anası Həmidə Abbasova ailəsinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan razılığını ifadə edərək Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Elmar Əliyev
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini