DAŞKƏSƏNDƏ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ SƏRXAN MƏMMƏDOVUN ANIM GÜNÜ KEÇİRİLİB
Noyabrın 4-də Daşkəsən Şəhidlər Xiyabanında keçirilən Vətən müharibəsi şəhidi əsgər Məmmədov Sərxan Sahil oğlunun anım günündə Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhidin ailə üzvləri, rayonun şəhid anaları, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Şəhidin məzarına gül dəstələri düzüb, əziz xatirəsini yad edilib, dualar oxunub.
Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Namiq Süleymanov Şəhidin ailəsinə bir daha dərin hüznlə başsağlığı verib. Şəhidlərin anım mərasimlərində hər zaman rayon ictimaiyyətinin iştirak etməsini yüksək qiymətləndirən Namiq Süleymanov çıxışında Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu zəfərin əldə olunmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən, habelə şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində göstərilən qayğıdan söz açıb, Vətən müharibəsi şəhidi Sərxan Məmmədovun həyatından və döyüş yolundan danışıb.
Digər çıxış edənlər də şəhid Sərxan Məmmədovla bağlı xatirələri bölüşüblər.
Şəhidin atası Sahil Məmmədov, anası Hicran Məmmədova ailələrinə hər zaman göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini