Daşkəsəndə Vətən müharibəsi şəhidi Elşən Quliyevin doğum günü qeyd edilib.
Dekabrın 21-də Vətən müharibəsi şəhidi çavuş Quliyev Elşən Natiq oğlunun 30-cu doğum günü Daşkəsən Şəhidlər Xiyabanında keçirilib.
Anım mərasimində Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov, RİH-nin və hüquq mühafizə orqanlarının məsul işçiləri, şəhidin ailə üzvləri, qazilər, hərbçilər, şəhid valideynləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidin məzarı ziyarət olunaraq gül dəstələri düzülüb və dualar oxunub.
Vüqar Məmmədov şəhidin ailəsinə və yaxınlarına rayon ictimaiyyəti adından bir daha dərin hüznlə başsağlığı verib, şəhid Elşən Quliyevin həyat və döyüş yolundan söz açıb. Bildirib ki, Vətən müharibəsi şəhidi çavuş Elşən Quliyev 1992-ci il dekabrın 21-də Daşkəsən şəhərində doğulub. Çavuş Elşən Quliyev Vətən müharibəsində şəxsi igidlik və şücaət göstərib. O, Kəlbəcərin azadlığı uğrunda Murovdağ istiqamətində gedən döyüşlər zamanı müqəddəs şəhidlik zirvəsinə ucalıb və dekabrın 12-də Daşkəsən Şəhidlər Xiyabanında dəfn edilib. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamları ilə şəhid Elşən Quliyev ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. 2 övladı yadigar qalıb.
Digər çıxış edənlər də şəhid Elşən Quliyevlə bağlı xatirələrini bölüşüblər, döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan qürur hissi ilə danışıblar.
Şəhidin anası Səyyarə Quliyeva ailəsinə hər zaman göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.