DAŞKƏSƏNDƏ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ELMƏDDİN VƏKİLOVUN AD GÜNÜ QEYD OLUNUB
İyulun 28-də Daşkəsənin Vətən müharibəsi şəhidi baş əsgər Vəkilov Elməddin Nizami oğlunun Daşkəsən Şəhidlər Xiyabanındakı məzarı önündə və evində keçirilən 34-cü ad günündə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, DTX-nin rayon şöbəsinin rəisi Natiq Musayev, rayon prokuroru Şahin İmanov, SHXÇDX-nin rayon bölməsinin rəisi Mirqasım Abbasov, Qafqaz Müsəlmanlar İdarəsinin Qazilər Şurasının üzvləri Hacı Surxay Məmmədli və Hacı Sədi Axundzadə, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, Şəhidin yaxınları, ağsaqqallar, rayonun şəhid anaları, qazilər, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Şəhidin ruhuna dualar oxunub, əziz xatirəsi yad edilib, məzarına gül-çiçək düzülüb.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Şəhidin ailəsinə bir daha dərin hüznlə başsağlığı verib, Allahdan rəhmət diləyib, 2020-ci ilin 27 sentyabrında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında başlayan 44 günlük Vətən müharibəsində qanları ilə tarix yazan şəhidlərimizin və qazilərimizin, həmçinin Şəhid Elməddin Vəkilovun döyüş meydanında göstərdiyi qəhrəmanlıqlardan söz açıb. İcra başçısı Əhəd Abıyev bu şanlı qələbəni bizə bəxş edən oğullarımızın heç zaman unudulmayacağını vurğulayıb, parlaq tarixi zəfərimizin müəllifi Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu bildirib. 44 günlük savaşda respublikamızın hər yerindən olduğu kimi Daşkəsən rayonundan da 32 nəfər igid Vətən oğlunun müqəddəs şəhidlik zirvəsinə ucaldığını, ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə” və “Şücaətə görə” medalları ilə təltif edilmiş baş əsgər Elməddin Vəkilovun uca şəhidlik məqamına yüksəldiyini deyib. Əhəd Abıyev istər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsi şəhidlərinin xalqımızın, o cümlədən daşkəsənlilərin qəlbində əbədi yaşayacağını, əziz xatirələrinin daim ehtiramla anılacağını qeyd edib.
Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının Daşkəsən rayonunda bundan sonra da yüksək səviyyədə davam etdiriləcəyini deyən Əhəd Abıyev çıxışının sonunda daşkəsənlilər adından dövlət rəhbərimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Digər çıxış edənlər də Şəhid Elməddin Vəkilovun şərəfli ömür yolundan danışıblar. Qeyd ediblər ki, o, uzun illər MAXE əsgər kimi ordu sıralarında şərəfli hərbi xidmət yolu keçib. Elməddin Vəkilov Vətən müharibəsində göstərdiyi şücaətləri ilə xüsusən fərqlənib. Bir sıra döyüşlərdə düşmənin canlı qüvvəsinin məhv edilməsində, parlaq qələbələrin qazanılmasında yaxından iştirak edib, şəxsi igidlik nümunələri göstərib. Elməddin Vəkilov Vətən müharibəsinin ilk günlərində Murovdağ istiqamətində gedən şiddətli ağır döyüşlərdə qəhrəmancasına müqəddəs şəhidlik zirvəsinə yüksəlib.
Şəhidin anası Nərgiz Vəkilova hər zaman ailəsinə göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Elmar Əliyev
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini