DAŞKƏSƏNDƏ UŞAQLARIN SAĞLAM VƏ RASİONAL QİDALANMASINA DAİR MAARİFLƏNDİRMƏ APARILIB
Fevralın 1-də Daşkəsən şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə Daşkəsən Rayon İcra Hakimiyyəti, Rayon Gigiyena və Epidemiologiya Mərkəzi və Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə şagirdlər arasında “Sağlam və rasional qidalanma” mövzusunda maarifləndirmə keçirilib.
Görüşün məqsədi rayonda sağlam və rasional qidalanma istiqamətində təşviqat işlərinin aparılması və xüsusi həssas əhali qruplarının sağlam qidalanmasının təmin edilməsi istiqamətində tədbirlərin görülməsidir.
RİHBA-nın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin böyük məsləhətçisi Elmin Paşayev bildirib ki, qidalanma böyüyən nəslin sağlamlığını müəyyən edən əsas faktorlardan biri hesab olunur. Tamdəyərli və balanslaşdırılmış qidalanma xəstəliklərin profilaktikasına, uşaqlarda və yeniyetmələrdə fiziki və zehni inkişafın, əmək qabiliyyətinin və məktəb nailiyyətlərinin artmasına təsir edir, müasir həyata uyğunlaşmaqda onlara şərait yaradır. Valideynlər uşağın düzgün qidalanmasına cavabdehdirlər, övladının sağlamlığı və fiziki inkişafında məsuliyyət də məhz onların öhdəsinə düşür. Valideynlərə bilmək faydalı olardı ki, uşağın "çətin” xarakteri çox vaxt qeyri-rasional qidalanmanın nəticəsidir. Çünki düzgün qidalanma zehni qabiliyyəti yaxşılaşdırır, uşaqlarda yaddaşı inkişaf etdirir və bununla da təhsil prosesini yüngülləşdirir.
Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin şöbə müdiri həkim Natiq Həsənov maarifləndirici söhbət zamanı mövzu ilə bağlı geniş söz açıb və uşaqların düzgün qidalanması üçün aşağıdakı tövsiyələri təqdim edib:
- Tərkibində müxtəlif boyalar, konservantlar və digər kimyəvi maddələr olan məhsulları artıq dərəcədə uşağın qidasından kənarlaşdırın. Əlbəttə, bütünlükdə bunu etmək mümkün olmasa da, cəhd etməyə çalışın.
- Yadda saxlayın: inkişaf edən orqanizmə zülallar vacibdir. Buna görə də, uşağın rasionuna ət daxil etməyə çalışın. Əgər vegetarian həyat tərzi tərəfdarısınızsa, o zaman uşağın rasionuna qoz və tərkibində bitki zülalı olan digər məhsulları mütləq daxil edin.
- Karbohidratları və yağları rasiondan tamamilə çıxarmaq düzgün deyil. Karbohidratlar güclü enerji mənbəyidir, yağlar isə orqanizmdə bir çox sistemlərin düzgün fəaliyyəti üçün vacibdir.
- Yeməyi buğda bişirməyə çalışın. Digər üsullarla bişirilən yeməklərə nisbətən buğda hazırlanan xörəklərdə faydalı maddələr uzun müddət saxlanılır.
- Səhər yeməyində, naharda və şam yeməyində uşağa hökmən isti yemək verin.
- Meyvə və tərəvəzlər vitaminlərin və mineralların vacib mənbəyi olduğuna görə uşağın ahəngdar inkişafında əsas yardımçılardır.
- Qida rejiminə riayət edin. Uşağa gün ərzində ən azı 4 dəfə qidalanmaq lazımdır və qida qəbulları arasındakı fasilə 4-5 saatdan artıq olmamalıdır.
Daşkəsən RİHBA-nın məsul işçisi Orxan Abbasov isə qeyri-düzgün qida rasionun qurulmasının orqanizmdə nə kimi fəsadlar törədə biləcəyi, hansı xəstəliklərə yol aça biləcəyi, eyni zamanda sağlam qidalanmanın insan bədəninə müsbət təsirləri, qidaların hansı vitamin və minerallarla daha zəngin olması haqqında şagirdlərə məlumat verib.
Sonda şagirdlərin fikirləri dinlənilərək sualları cavablandırılıb və onlara məlumatlandırıcı bukletlər paylanıb.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini