Daşkəsəndə uşaq hüquqlarının müdafiəsi üzrə hazırlığın təmin edilməsi məqsədilə növbəti görüş təşkil olunub
Oktyabrın 8-də Daşkəsən Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.1.4-cü bəndinin icrası ilə əlaqədar uşaq hüquqlarının müdafiəsi üzrə ayrı-ayrı sahələrdə mütəxəssis hazırlığının təmin edilməsi məqsədilə görüş keçirib.
Daşkəsən şəhər S.Vurğun adına 4 nömrəli tam orta məktəbdə təşkil olunan görüşdə rayon üzrə Təhsil Sektorunun əməkdaşları, ümumtəhsil məktəblərinin psixoloqları, uşaq birliklərinin rəhbərləri, məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçiləri iştirak ediblər.
Daşkəsən RİHBA-nın Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul işçisi Rəşad Qurbanov ölkəmizdə uşaq hüquqları sahəsində aparılan dövlət siyasəti, uşaq hüquqları ilə bağlı qəbul edilən qərarlar, hər bir uşağın ehtiyaclarına uyğun inkişaf planı hazırlamaq, uşağın nitq, qavrama, kiçik və böyük motor bacarıqları, davranış sahəsində funksionallığı qiymətləndirməyə lazım olan alətlər, uşaqlarda öyrənmə və inkişaf prosesləri barədə ətraflı məlumatlar verib. Həmçinin çətin həyat şəraitində, baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqların aşkarlanması, onların sosial müdafiəsi, reabilitasiyası, cəmiyyətə inteqrasiyası tədbirlərinin həyata keçirilməsi, həyatın bütün sahələrində uşaqlara qarşı zorakılıq hallarının baş verməməsi üçün edilməsi vacib olan məqamları diqqətə çatdırıb.
Sonra uşaq hüquqlarının müdafiəsi üzrə müxtəlif mövzular ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.