Daşkəsəndə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Zaman və Şəxsiyyət” mövzusunda elmi-praktik konfrans keçirilib
Mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə Daşkəsəndə “Zaman və Şəxsiyyət” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransda Daşkəsən Rayon İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və məsul işçiləri, Azərbaycan Texnologiya Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Şahmar Həsənov, Azərbaycan Aqrar Universitetinin siyasi elmlər kafedrasının müdiri Azad Bayramov, ağsaqqallar, ziyalılar, YAP fəalları, şəhid ailələri, qazilər, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsi ziyarət olunaraq önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad olunub.
Daşkəsən Rayon İcra Hakimiyyətinin iclas zalında keçirilən elmi-praktik konfransda dahi şəxsiyyət Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən sənədli filmə baxış keçirilib.
Konfransı giriş nitqi ilə açan Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov məruzəsində deyib:
- Bu gün xalqımız müasir Azərbaycan dövlətçiliyinin banisi, unudulmaz dahi şəxsiyyət Heydər Əliyevin 101 illiyini qeyd edir.
Ümummilli Lider Heydər Əliyev Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin nadir simasıdır. Heydər Əliyev ölkəmizin inkişafı və xalqımızın taleyi baxımından böyük tarix yaratmış görkəmli şəxsiyyətdir. Heydər Əliyevdə tarixi şəxsiyyətlər üçün zəruri olan bütün müsbət keyfiyyətlər cəmləşmişdir. Möhkəm siyasi iradə, aydın dövlətçilik mövqeyi və ümummilli mənafe bu böyük tarixi şəxsiyyətin həyatının və mübarizəsinin əsas istiqamətlərini müəyyən etmişdir.
Həyat fəaliyyətinin bütün mərhələlərində Ulu Öndər Heydər Əliyevin dövlətçilik strategiyasının ali məqsədi Azərbaycan xalqına sədaqətlə xidmət etməkdən və müstəqil dövlət qurmağa nail olmaqdan ibarət olmuşdur. Bu düşünülmüş əqidə, ümummilli mövqe və müstəqil dövlətçilik strategiyası Heydər Əliyev tərəfindən siyasi ustalıqla həyata keçirilmişdir.
Azərbaycan xalqının əsrlər boyu formalaşmış yüksək mənəvi dəyərlərini qoruyaraq onun genetik yaddaşını, milli irs və özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiya ötən əsrdə məhz Ümummilli Lider Heydər Əliyevin üzərinə düşmüşdür. O, özünə qədər Azərbaycana rəhbərlik etmiş bir çox siyasi xadimin edə bilmədiklərini gerçəkləşdirmiş, işıqlı əməlləri, yorulmaz fəaliyyəti ilə ən yeni tariximizin parlaq səhifələrini yaratmışdır. Ulu Öndər Heydər Əliyev fəaliyyətinin hər bir anında xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət etmiş, Azərbaycan torpağının və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mümkün olan hər şeyi, çoxlarına əlçatmaz görünən arzuları belə gerçəkləşdirmişdir.
Dahi Lider Heydər Əliyevin tarixi xidmətləri vətən və dövlət, millət və xalq naminə göstərilən bütün fədakarlıqların fövqündə dayanır.
Ötən yüzillikdə cərəyan edən hadisələrin təhlili göstərir ki, respublikanın müstəqilliyə gedən yolu 1969-cu ildən başlayaraq Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən məqsədyönlü siyasətlə tamamlanıb. Zaman və ictimai-iqtisadi formasiya baxımından kifayət qədər fərqli olan hər iki tarixi dövrün əsas bənzər cəhətləri isə Ulu Öndərin Azərbaycana böyük nailiyyətlər qazandıran fədakar xidməti, eləcə də ölkənin inkişafında yeni impuls və tərəqqi meyillərinin geniş vüsət alması olub.
Xüsusi vurğulamaq lazımdır ki, Ulu Öndər Heydər Əliyev fenomeninin titanik zəhməti, böyük təşkilatçılığı, idarəçilik istedadı, ən mürəkkəb problemləri həll etmək bacarığı Azərbaycan hüdudları aşaraq hətta keçmiş Sovetlər Birliyinə daxil olan müttəfiq respublikalarda belə bu gün xatırlanır. Azərbaycan xalqının böyük oğlu və Ümummilli Lideri Heydər Əliyev dühasının bəhrələrini təkcə öz ölkəsi və xalqı deyil, digər dövlətlər də, yeni-yeni nəsillər də görür.
Bu günlərdə Rusiyada nəhəng magistral olan - Baykal-Amur Magistralının 50 illik yubileyi dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə qeyd edildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı keçirilən tədbirdə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Ulu Öndər Heydər Əliyev haqqında söylədiyi xoş fikirlər bunun əyani təzahürdür.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin idarəçilik keyfiyyətləri sırasında onun ən çətin, millətin taleyi baxımından məsuliyyətli zamanlarda düzgün qərarlar qəbul etmək məharətini xüsusi qeyd etmək lazımdır.
Azərbaycan özünün dövlət müstəqilliyinin bərpasından cəmi 2 il sonra - 1993-cü ildə çətin sınaqlarla üz-üzə qalanda xalqın yeganə xilaskarı kimi Ulu Öndər Heydər Əliyevi hakimiyyətdə görmək istəyi də bu gerçəklikdən qaynaqlanmışdır. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Bakıya qayıdan Ümummilli Lider Heydər Əliyev yorulmaq bilmədən, qətiyyət və böyük bacarıqla Azərbaycanın başı üstünü almış vətəndaş müharibəsi alovunu söndürmüş, ölkədə baş alıb gedən qanunsuz silahlı dəstələr zərərsizləşdirilmişdir. Ulu Öndər ictimai-siyasi sabitliyin bərpasına, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsinə, cəbhə bölgəsində atəşkəs rejiminə nail olmuşdur.
Həmin dövrdə respublikanın məhdud maliyyə imkanları və zəif büdcəsi ilə qarşıya qoyulmuş strateji məqsədlərin yaxın gələcəkdə reallaşdırılmasının qeyri-mümkünlüyünü nəzərə alan, sosial-iqtisadi inkişaf prosesində xarici kapital və sərmayə amilinin təkanverici rolunu düzgün olaraq önə çəkən Heydər Əliyev xarici şirkətlərlə Xəzərin Azərbaycan sektorundakı zəngin neft ehtiyatlarının istismarını nəzərdə tutan müqavilələrin imzalanmasına da vacib məsələ kimi yanaşmışdır. İqtisadi inkişafın sürətləndirilməsinin, səmərəli sosial-iqtisadi islahatların aparılmasının, investisiya layihələrinin həyata keçirilməsinin vacib şərti kimi müstəqil Azərbaycanın yeni neft strategiyası işlənib hazırlanmış, 1994-cü ildən etibarən mərhələlərlə həyata keçirilmişdir.
Qarabağ münaqişəsinin zəfərlə nəticələnməsinin təməlində də məhz Heydər Əliyev siyasi kursunun əsas prinsipləri dayanır. Ulu Öndərin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlməsindən başlayaraq davam edən Azərbaycan Ordusunun döyüş qabiliyyətinin və əzminin artırılması, vətənpərvərlik ruhunun yüksəldilməsi, ən müasir silahlarla və hərbi texnikalarla təchiz edilməsi sahəsində görülmüş işlər bu böyük uğurun əsasını qoydu.
Azərbaycanın mütərəqqi inkişaf strategiyasını irəli sürmüş Heydər Əliyev dühası bu gün cismən aramızda olmasa da, onun ölməz ideyaları xalqın uğurlu inkişaf yoluna parlaq işıq saçır. Bu gün qürur duyuruq ki, Ümummilli Liderin cənab İlham Əliyev kimi xalqının, dövlətinin maraqlarını daim uca tutan, hər bir vətəndaşın mənafeyini nəzərə alan, bir sözlə, hər vədini əməli işi ilə doğruldan layiqli siyasi davamçısı var. Ölkə başçısı kimi fəaliyyətinə "Mən hər bir azərbaycanlının Prezidenti olacağam" məramı ilə başlayan dövlət başçısı son 20 ildə əsas məqsədinin məhz real iş - konkret fəaliyyət olduğunu əməli surətdə təsdiqləmiş, verdiyi bütün vədləri layiqincə doğrultmuşdur. Ölkəyə rəhbərlik etdiyi dövrdə qəbul olunan fundamental qərarlar, imzaladığı sərəncamlar dövlət başçısı İlham Əliyevin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin sırf əməli fəaliyyətə söykəndiyini, reallığa adekvat olduğunu göstərmiş, onun ictimai rəydə alternativsiz rəhbərliyini şərtləndirmişdir.
Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar Azərbaycanı tənəzzüldən böyük və heyrətamiz inkişaf yoluna gətirib çıxardı.
Respublikamızın beynəlxalq hesabatlarda da inkişaf etməkdə olan ölkələri geridə qoyması ölkə rəhbəri cənab İlham Əliyevin həyata keçirdiyi sürətli, məqsədyönlü və inklüziv iqtisadi islahatlara beynəlxalq qiymətdir. Bu islahatların uğurla reallaşdırılmasına Azərbaycanın Birinci vitse-prezidenti, Mehriban xanım Əliyeva da layiqli töhfələrini verir. Mehriban xanım Əliyeva insan amilini hər zaman uca tutmuş, cəmiyyətdə insanpərvərlik, humanizm kimi dəyərlərin möhkəm əsaslarla təşəkkül tapmasına çalışmışdır.
Yaranmasının 20 ilini qeyd etdiyimiz Heydər Əliyev Fondu məhz Mehriban xanımın rəhbərliyi ilə həyatımızın mühüm sahələrinin inkişafına yönəlmiş layihələr, milli-mənəvi dəyərləri özündə ehtiva edən prinsiplər üzərində qurulub.
Mehriban xanım Əliyevanın genişmiqyaslı fəaliyyəti ölkənin ictimai-siyasi, sosial və mədəni həyatını əhatə etməklə bitmir. O, Azərbaycanın milli-mənəvi dəyərlərini, mədəniyyətini, ölkəmizin özünəməxsusluğunu, özəlliklərini dünya cəmiyyətində böyük fədakarlıqla, uğurla təbliğ edir. Qədim ənənələrimizlə bağlı olan multikultural dəyərləri, tolerantlığı başqa ölkələrdə əməli işləri ilə nümayiş etdirir. Bütün bunlar güclü, aydın təfəkkürə, təxəyyülə malik olan incə ruhlu, zərif təbiətli bir qadının - ölkənin birinci xanımı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bilavasitə gərgin zəhməti sayəsində həyata keçirilir.
Bu gün Azərbaycan xalqı dövlət başçısı İlham Əliyevi intibahın, siyasi sabitliyin, əmin-amanlığın və sülhün qarantı hesab edir, ona tam güvənir. Xalqımız Azərbaycanın mənafelərinə xidmət göstərən amalların həyata keçirilməsində öz Prezidentinə dəstəyini əsirgəmir. Çünki xalq həyatında, taleyində baş vermiş böyük dəyişikliklərin, bizi Azərbaycanın parlaq sabahına doğru yaxınlaşdıran siyasi kursun alternativsizliyini yaxşı dərk edir və bu siyasəti birmənalı şəkildə razılıqla qarşılayır.
Cənab İlham Əliyevin hər zaman konseptual, əhatəli çıxışları, xarici dildə sərbəst nitq, analitik təhlil mədəniyyəti, problemlərə kompleks yanaşmaq istedadı, proqnozlaşdırmaq məharəti dünya liderləri sırasında fərqli bir təfəkkür sahibi olduğunun əyani sübutudur. Möhtərəm Prezident cənab İlham Əliyevin hər bir çıxışı Azərbaycan həqiqətlərinin təbliğində zəngin mənbədir.
Tarixin arxivinə verilmiş Qarabağ məsələsinin dərinliklərini, siyasi labirintlərini nəzərdən keçirəndə, görürük ki, ortada insanı heyrətə gətirən bir nəticə var. Qürur duyuruq, fəxarət hissi keçiririk ki, xalqımızın son dərəcə dərin zəkası, dünya dövlətləri içərisində özünəməxsus aydın mövqeyi və möhkəm siyasi iradəsi, konkret dövlətçilik strategiyası və taktikası olan beynəlxalq səviyyədə həm də qlobal baxışları ilə səciyyələndirilən cənab İlham Əliyev kimi qüdrətli lideri var.
Artıq tarixi ədalət yerini tutur. Azərbaycan xalqı zəfər illərini yaşayır. 2020-ci ilin payızında İkinci Qarabağ müharibəsində Qarabağ və Şərqi Zəngəzur ərazilərini işğalçılardan azad edən Azərbaycan Ordusu 2023-cü ilin sentyabrında lokal xarakterli antiterror əməliyyatı ilə Xankəndi, Xocalı və ətraf ərazilərdə təxribatlar törədən Ermənistan silahlı qüvvələrinin tör-töküntülərini və separatçıları məhv edərək ölkəmizin suverenliyini tam bərpa etdi.
Bu ilin aprelində ümumxalq sevincinə səbəb olan daha bir tarixi hadisə baş verdi. 1990-cı illərin əvvəllərindən bəri Ermənistanın işğalı altında qalmış Qazax rayonunun dörd kəndinin – Bağanıs-Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılının geri qaytarılması barədə razılığa gəlindi. Hazırda Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesi ilə bağlı danışıqlar gedir.
Azərbaycanın suverenliyi bütün ölkə ərazisində bərpa olunduqdan sonra bölgədə Rusiya sülhməramlı kontingentinin fəaliyyətinə də ehtiyac qalmadı. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin 10 noyabr 2020-ci il tarixli Bəyanatına uyğun olaraq Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin iki ölkənin ali rəhbərliyi arasında əldə olunan razılığa əsasən fəaliyyətini vaxtından əvvəl dayandıraraq ölkə ərazisindən tam çıxarılması prosesinə başlanılması müasir tariximizin daha bir unudulmaz səhifəsi oldu.
Rusiya sülhməramlı kontingenti Azərbaycan ərazisini tərk etdikdən sonra Ağdam rayonu ərazisində yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi də öz fəaliyyətini dayandırdı.
Birgə Monitorinq Mərkəzində xidmət edənlər öz vətənlərinə yola salındılar.
Ulu Öndər Heydər Əliyev siyasətini uğurla davam və inkişaf etdirən cənab İlham Əliyev növbəti dəfə bütün dünyaya diplomatiya dərsi keçdi və biz növbəti dəfə Azərbaycan Prezidenti İlham Əliyevin "nəyi, necə, nə vaxt etmək" məharətinin şahidi olduq.
Baş verənlər yalnız Azərbaycanın deyil, ümumilikdə Cənubi Qafqazın tarixində əlamətdar hadisələrdir. Ölkəmizin sülh yolunda atdığı qətiyyətli addımlar dünya dövlətləri tərəfindən təqdir olunur. Dövlətçiliyimizi çətin sınaqlardan çıxarmış Ulu Öndər Heydər Əliyevin canından artıq sevdiyi Azərbaycan bu gün ərazi bütövlüyünə qovuşub. "Qarabağ Azərbaycandır!" şüarı ilə dəmir yumruq kimi birləşərək döyüşlərə atılmış və qələbə qazanmış xalqın önündə yeni yollar açılıb.
Qarabağın Azərbaycana geri qayıtması sıradan bir hadisə sayıla bilməz. Prezident cənab İlham Əliyev müstəqil Azərbaycan dövlətinin mövqeyini heç nə ilə dəyişməyən, əksinə, hər dəfə inkişaf etdirib möhkəmləndirən görkəmli dövlət xadimidir. Azərbaycan Respublikasını bütün istiqamətlər üzrə inkişaf etdirərək dünyanın böyük dövlətlərinin orbitinə gətirib çıxarmaq cənab İlham Əliyevin siyasi iradəsinin möhtəşəm təzahürüdür. Bu gün dünya dövlətləri arasında müstəqil Azərbaycan Respublikasının, ölkələrin və xalqların cərgəsində isə Azərbaycan xalqının yerinin, nüfuzunun, sözünün qüvvətləndirilməsi Prezident cənab İlham Əliyevin aydın siyasi mövqeyi ilə möhkəm iradəsinin nəticəsidir.
Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə güclü, inkişaf etmiş, qüdrətli Azərbaycan naminə başladığı böyük siyasət Prezident cənab İlham Əliyev tərəfindən dəyişməkdə olan dünyanın yeni reallıqlarına uyğun şəkildə layiqincə davam etdirilir. Bu siyasətin sayəsində beynəlxalq aləmdə nüfuz və söz sahibinə çevrilən Azərbaycan 44 günlük Vətən müharibəsi ilə özünün ərazi bütövlüyünü bərpa etdi.
Azərbaycan xalqı Böyük Qələbə ilə Böyük Zəfər yaşadı. Bu Zəfər Ulu Öndər Heydər Əliyev siyasətinin Zəfəridir.
Eşq olsun Ulu Öndər Heydər Əliyevin ideyalarını reallığa çevirən Müzəffər Ali Baş Komandan, qalib sərkərdə cənab İlham Əliyevə!
Eşq olsun Qalib Rəşadətli Azərbaycan Ordusuna!
Yaşasın Azərbaycan!
Məruzə ətrafında çıxış edən Azərbaycan Texnologiya Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Şahmar Həsənov, Azərbaycan Aqrar Universitetinin siyasi elmlər kafedrasının müdiri Azad Bayramov vurğulayıblar ki, illər ötdükcə Ümummilli Liderin siyasi kursunun və inkişaf strategiyasının nə qədər uzaqgörən olduğu bir daha təsdiqini tapır. Məhz bu siyasi kurs sayəsində ölkəmizdə müstəqilliyimizin milli-ideoloji əsasları möhkəmlənib, suveren dövlətçilik institutlarımız yaranaraq möhkəmlənib. Hər bir xalqın tarixi üçün ən önəmli məsələlərdən biri onun ərazi bütövlüyüdür. Bu baxımdan möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və müdrik siyasəti ilə Azərbaycan dünyada qalib, azad, güclü, milli maraqlarını ən yüksək səviyyədə qoruyan və prinsipial ölkə kimi tanınır.
Sonda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibəti ilə rayonun ictimai-siyasi həyatında və keçirilən mədəni-kütləvi tədbirlərdə fəallığı ilə seçilən bir qrup şəxsə Daşkəsən Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim olunub, habelə YAP sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri verilib.