DAŞKƏSƏNDƏ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV HAQQINDA SƏNƏDLİ FİLM NÜMAYİŞ ETDİRİLİB
Yanvarın 27-də Daşkəsən rayon Mədəniyyət Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində təsdiq olunmuş Tədbirlər Planına əsasən Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad edilib.
Tədbir iştirakçılarına Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı xidmətlərindən danışılıb. Giriş nitqi ilə çıxış edən rayon Mədəniyyət Mərkəzinin direktoru Mətanət Abdullayeva və RİHBA-nın məsul işçisi Kənan Qurbanov bildiriblər ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən “Heydər Əliyev İli”nin təsis edilməsi, həmçinin Tədbirlər Planının təsdiqlənməsi dahi şəxsiyyətin dövlətimiz, xalqımız qarşısında xidmətlərinin çoxşaxəliliyini, miqyasının böyüklüyünü təsdiqləyir. Müasir müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir. Bu fikir özündə bütün məqamları ehtiva edir. Ümummilli Lider 1993-cü ildə xalqın təkidli tələbi əsasında hakimiyyətə qayıdışı ilə xilaskarlıq missiyasını uğurla yerinə yetirərək Azərbaycanı xaosdan, anarxiyadan, özbaşınalıqdan, iqtisadi böhrandan xilas etdi. Torpaqlarımızın işğalının qarşısını aldı. 1994-cü ildə dahi şəxsiyyətin səyləri nəticəsində cəbhə xəttində atəşkəsin əldə olunması ölkəmizdə sabitliyin möhkəmləndirilməsində öz sözünü dedi. Azərbaycan yenidən quruldu. Dövlətçiliyin əsasları yaradıldı. “Heydər Əliyev İli” dahi şəxsiyyətin müasir müstəqil Azərbaycan Respublikasının, dövlətçiliyimizin bugünkü tərəqqisində, ən əsası qalib ölkə kimi beynəlxalq aləmdə tanınmasında rolunu və xidmətlərini ümumiləşdirir. Bugünkü qalib Azərbaycan ulu öndər Heydər Əliyev siyasətinin təntənəsidir. İllər çox şeyi dəyişib. Fəqət, sevgi dəyişmir: söhbət Heydər Əliyevə olan tükənməz sevgidən, xalqın öz böyük oğlunun xatirəsinə sonsuz hörmət və ehtiramından gedir. Heydər Əliyev cismən aramızda olmasa da, ideyaları yaşayır və gələcəyə aparan yolumuzu işıqlandırır.
Sonra Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycanın inkişafı və müstəqilliyi naminə gördüyü işlərdən, apardığı mübarizələrdən bəhs edən "Böyük ömrün anları" sənədli filmi nümayiş etdirilib.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini