Daşkəsəndə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş yunan-Roma güləşi üzrə yeniyetmələr arasında rayon birinciliyi keçirilib
Mayın 8-də Daşkəsən Rayon İcra Hakimiyyəti, rayon üzrə Gənclər və İdman Sektoru və Təhsil Sektorunun təşkilatçılığı ilə Daşkəsən rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş yunan-Roma güləş idman növündə yeniyetmələr arasında rayon birinciliyi keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Açılış mərasimində çıxış edənlər dahi şəxsiyyət, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin zəngin və mənalı həyatından, çoxşaxəli fəaliyyəti və misilsiz xidmətlərindən, habelə Ulu Öndərin Azərbaycan gəncliyinə və idmanımızın inkişafına hər zaman göstərdiyi diqqət və qayğıdan danışıblar. Vurğulayıb ki, Ulu Öndərimizin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli dövlətçilik strategiyası hazırda onun layiqli siyasi varisi Prezidentimiz cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir.
Çıxışlardan sonra yarışa start verilib. Gərgin mübarizə şəraitində keçən yarışda 16 çəki dərəcəsində ümumilikdə 65 nəfər iştirak edib. I, II və III yerləri tutmuş idmançılar Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunub.