Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 100 İLLİK YUBİLEYİNƏ HƏSR EDİLƏN KİTAB BAYRAMI KEÇİRİLİB

17 may 2023 | 16:00

Mayın 17-də Daşkəsən Rayon İcra Hakimiyyətinin və Daşkəsən Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində rayonun Heydər Əliyev Mərkəzinin qarşısında təşkil olunan XIII ənənəvi Kitab bayramında Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, mədəniyyət, təhsil işçiləri, şəhid anaları, qazilər, fəal oxucular, ictimaiyyət nümayəndələri, sakinlər və məktəblilər iştirak ediblər.

Çıxışlarda vurğulanıb ki, Azərbaycanın şəhər və rayonlarında mərkəzləşdirilmiş kitabxana sistemləri Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə ötən ərsin 70-ci illərdə təşkil olunmuşdur. 1974-cü ildə Ulu Öndər Heydər Əliyevin imzaladığı “Zəhmətkeşlərin tərbiyəsində və elmi-texniki tərəqqidə kitabxanaların rolunu artırmaq haqqında” qərara əsasən yaradılan mərkəzləşdirilmiş kitabxana sistemləri həmin dövr üçün çox əhəmiyyətli idi və bu gün də onlar əhalinin maariflənməsində böyük rol oynayır. 1990-cı illərin əvvəllərində çox mürəkkəb tarixi şəraitlə, hərc-mərclik vəziyyəti ilə üzləşən yenicə müstəqillik qazanmış ölkəmizdə kitabxana şəbəkələri də məhv olmaq həddində idi. Məhz bu dövrdə Ulu Öndərimizin xalqın təkidli tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıtması elmimizi, mədəniyyətimizi dağılmaqdan xilas etdiyi kimi, kitabxana şəbəkələrinin də məhvinin qarşısını aldı. Ulu Öndər Heydər Əliyev 1995-ci ildə respublikada kitabxana işinin inkişafını ətraflı şəkildə təhlil etməyi Nazirlər Kabinetinə tapşırdı. Bu göstərişə müvafiq olaraq 1996-cı ildə Nazirlər Kabinetində kitabxana işçilərinin respublika müşavirəsi keçirildi və orada kitabxana işinin inkişafının yeni istiqamətləri müəyyən olundu, qarşıya yeni vəzifələr qoyuldu.  Ulu Öndər Heydər Əliyevin 1998-ci il 29 dekabr tarixində imzaladığı “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunu,  1999-cu il 12 mart tarixində imzaladığı “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı”  kimi sənədlər ölkəmizdə çoxlu sayda kitabxana şəbəkələrinin dağılmasına imkan vermədi, keçmiş sovet respublikaları arasında ilk dəfə olaraq “Milli Kitabxana” statusu müəyyən edildi, onun fondları və əmlakı ümummilli sərvət elan olundu. Eyni zamanda “Kitabxana işi haqqında” Qanun dövlət kitabxana şəbəkəsinin formalaşdırılmasına, kitabxana sahəsinə dair normativ-hüquqi bazanın yaradılmasına, kitabxana işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsinə mühüm töhfə verdi.

Çıxışlarda həmçinin qeyd olunub ki, Ümummilli Liderimiz Heydər Əliyevin kitabxana işinə ayırdığı diqqət və qayğı bu gün onun ən layiqli siyasi varisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun bariz nümunəsidir ki, Daşkəsən Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin binası da əsaslı təmir edilərək maddi-texniki bazası dövrün tələblərinə uyğun möhkəmləndirilib. Habelə rayonunun kitab fondu yeni-yeni nəşrlərlə mütəmadi olaraq zənginləşdirilir, işçilərin peşəkarlıq səviyyəsi yüksəldilir.

Rayon MKS-in direktoru Alidə Mustafayeva isə çıxışında ayrı-ayrı bölmələrdə nümayiş etdirilən kitablar haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Bildirib  ki, Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin kitabxana sahəsində həyata keçirilən yeni layihələrin nəticəsi olaraq son illərdə rayonumuzda da kitabxanalara gələn oxucuların sayı əhəmiyyətli dərəcədə xeyli artmışdır.

Kitab bayramında Ulu Öndər Heydər Əliyevin həyat və çoxşaxəli fəaliyyətinə həsr edilmiş kitablarla yanaşı, müxtəlif mövzularda ümumilikdə 500-dən çox kitab nümayiş olunub.

Tədbir məktəblilərin hazırladığı rəngarəng konsert proqramı ilə davam etdib. Balacaların rəqsləri, məktəblilərin oxuduqları şeirlər, bədii qiraət nümunələri alqışlarla qarşılanıb.

Kitab bayramı şən ovqatla başa çatıb.

 

 Elmar Əliyev – Vüqarlı

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər