DAŞKƏSƏNDƏ TÜTÜNƏ QARŞI MAARİFLƏNDİRMƏ KEÇİRİLİB, İCTİMAİ YERLƏRƏ QADAĞANEDİCİ LÖVHƏLƏR ASILIB
İyulun 15-də Daşkəsən Rayon İcra Hakimiyyəti tütünçəkməyə qarşı mübarizə çərçivəsində Daşkəsən şəhərində iaşə obyektlərində, mağazalarda, parkda, insanların daha çox toplaşdığı yerlərdə əhali arasında maarifləndirici iş aparıblar.
Rayon İcra Hakimiyyətinin məsul işçiləri tütünçəkmə, o cümlədən zərərli vərdişlər və narkomanlığın insan sağlamlığına vurduğu sağalmaz fəsadlar haqqında sakinlərə məlumatlar verib, zərərli vərdişlərdən qorunma istiqamətində tövsiyələrini çatdırıblar. Maarifləndirmə çərçivəsində müxtəlif qapalı ictimai yerlərə “Burada tütün mulatlarından istifadə qadağandır!” yazılmış lövhələr də asılıb.
Qeyd edək ki, tədbir “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.2.1-ci bəndinin (yəni Gənclərin sağlam həyat tərzi (narkomaniya, tütün, alkoqol və digər psixoaktiv maddələrin mənfi təsiri, infeksion və qeyri-infeksion xəstəliklərin profilaktikası, sağlam qidalanma) ilə bağlı maarifləndirmə tədbirlərinin keçirilməsi, biliklərinin artırılması və davranışlarının təkmilləşdirilməsi) və “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiyanın” 9.2.1-ci bəndinin tələblərinə uyğun olaraq həyata keçirilib.
Elmar Əliyev
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini