Daşkəsəndə turizmin inkişafı üzrə işçi qrupunun ilk iclası keçirilib
Avqustun 16-da Daşkəsən Rayon İcra Hakimiyyətinin və Gəncə Regional Turizm İdarəsinin birgə təşkilatçılığı ilə Daşkəsənin turizm potensialının inkişaf etdirilməsi ilə bağlı yaradılmış işçi qrupunun birinci iclası keçirilib.
İclasda Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, Gəncə Regional Turizm İdarəsinin rəisi Zaur Bayramov, RİHBA-nın məsul şəxsləri, turizm mütəxəssisləri və qrupun digər üzvləri iştirak ediblər.
Görüşdə rayon ərazisində turizmlə bağlı həyata keçiriləcək fəaliyyətlər, yerli əhalinin turizm aktivliyinin təmin edilməsi və rayonun turizm mərkəzinə çevrilməsi barədə müzakirələr aparılıb. Eyni zamanda turistlərə təklif edilə bilən müasir səviyyədə məhsulların hazırlanması, kənd təsərrüfatı ilə turizmin uzlaşdırılması, turistik marşurutların inkişaf etdirilməsi; tarix-mədəniyyət abidələri haqqında məlumatlandırma, turistlərə iaşə xidmətinin müvafiq standartlara uyğunlaşdırılması, təbliğat-təşviqat işlərinin aparılması qarşıda duran hədəflər olaraq müəyyənləşdirilib.