DAŞKƏSƏNDƏ TƏRBİYƏ MƏQSƏDİLƏ UŞAQLARA HƏR CÜR ZORAKILIĞIN MƏNFİ NƏTİCƏLƏRİ VƏ TƏHSİLDƏN YAYINMA HALLARININ QARŞISININ ALINMASI HAQQINDA MÜZAKİRƏ TƏŞKİL EDİLİB
Fevralın 16-da Daşkəsən Rayon İcra Hakimiyyətinin rayon üzrə Təhsil Sektoru ilə birgə keçirdiyi maarifləndirici müzakirədə ümumtəhsil məktəblərinin direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, psixoloqlar, müəllimlər və uşaq birliyi rəhbərləri iştirak ediblər.
RİHBA-nın Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Elxan Hüseynzadə bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.3.9-cü bəndində tərbiyə məqsədilə uşaqlara qarşı hər cür zorakılığın mənfi nəticələri haqqında maarifləndirmə tədbirlərinin kütləvi informasiya vasitələrini cəlb etməklə əhatə dairəsinin genişləndirilməsi və 5.5.1-ci bəndində təhsildən yayınma hallarının qarşısının alınması məqsədilə nəzarətin gücləndirilməsi tapşırılmışdır.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin rəhbərliyi ilə Komissiya tərəfindən rayon ərazisində bu sahədə görülən işlərdən, aparılan monitorinqlərdən və nəzərdə tutulan tədbirlərdən geniş söz açan Elxan Hüseynzadə vurğulayıb ki, rayon ərazisində əvvəllər bəzi hallarda əsasən qızların təhsildən yayınma, həmçinin erkən nikah faktları var idisə, davamlı maarifləndirici tədbirlərin, əlaqəli qurumlarla və valideynlərlə sıx əməkdaşlığın nəticəsində indi bu kimi hallar nadir hallarda müşahidə edilir. Həmçinin diqqətə çatdırıb ki, dövlətimizin siyasətində uşaqların inkişafı prioritet sahələrdən biridir. Uşaqların normal inkişafının təmini və cəmiyyətə yararlı vətəndaş böyütmək üçün ailələrdən də çox şey asılıdır. Uşaqlara qarşı zorakılığın qarşısının alınması üçün valideyn məsuliyyətinin artırılması vacibdir. Ailədə və bəzi hallarda təhsil müəssisələrində tərbiyə etmək adı ilə uşaqların döyülməsi, guya tərbiyə üsulu olaraq cismani cəzadan istifadə edilməsi tamamilə yol verilməzdir. Bu, uşaqlarda təcavüzkarlığın yaranmasına səbəb olur. Uşaqlara qarşı hər bir zorakılıq halları cəmiyyət tərəfindən həmişə mənfi qarşılanıb. Cəmiyyətin bu bəlaya aşkar mənfi münasibətinə və dözümsüzlüyünə, son illərdə bu sahədə həyata keçirilən tədbirlərə baxmayaraq, uşaqlara qarşı zorakılıq halları hələ mövcuddur. Uşaq hüquqlarının pozulmasına, o cümlədən zorakılığa görə valideynlər, onları əvəz edənlər, ya da digər böyüklər inzibati, cinayət, ailə və ya mülki hüquqlar əsasında həm mənəvi, həm də hüquqi baxımdan məsuliyyət daşıyırlar. BMT-nin Uşaq hüquqları haqqında Konvensiyası dünya dövlətləri tərəfindən zorakılığa qarşı aşağıdakı tədbirlərin aparılmasını tövsiyə edir:
- Hər bir uşağın yaşamaq hüququ var. Uşağın sağ qalması və sağlam inkişaf etməsi maksimal dərəcədə təmin edilməlidir (maddə 6).
- Hər bir uşağın şəxsi həyatı olmasına hüququ var. Uşaq onunü həyatına özbaşına və ya qanunsuz müdaxilədən, şərəf və nüfuzuna, ailəsinə və evinə qəsd edilmədən qorunmalıdır (maddə 16).
- Hər bir uşağın səhiyyənin mükəmməl xidmətlərindən istifadəü etmək hüququ var. Xəstəliklərə və doyunca yeməməyə qarşı mübarizə təşkil olunmalıdır və uşağın sağlam yaşaması üçün təmiz su, təmiz ətraf mühit təmin olunmalıdır (maddə 24).
- Hər bir uşağın fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafı üçünü lazım olan həyat səviyyəsinə malik olmağa hüququ var (maddə 27).
- Uşaq cinsi istismarın bütün növlərindən qorunmalıdır (maddə 34).
- Qanunu pozan hər bir uşaq kobud rəftarın bütün növlərindən müdafiə olunmalıdır, o, böyük insanlarla bir cəza çəkmə müəssisəsində yerləşdirilməkdən və ailə üzvləri ilə münasibətdən məhrum edilməkdən qorunmalıdır (maddə 37).
- Kobud rəftar qurbanı olmuş hər bir uşağa özünə hörməti qaytarmaq üçün yardım göstərilməlidir (maddə 39).
Görüşdə çıxış edən rayon üzrə Təhsil Sektorunun məsul işçisi Elməddin Allahverdiyev, təlim-tərbiyə işləri üzrə direktor müavinləri və psixoloqlar bildiriblər ki, ailələrdə, məktəblərdə, icmalarda zorakılığın bütün formalarının qarşısının alınması uşaqların hüquqları, rifahı və davamlı gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir. Ümumtəhsil məktəbləri, məktəbəqədər təhsil müəssisələri, uşaq evi, körpələr evi, uşaq bağçaları təhlükəsiz və uşaqların dostu olmalıdır. Zorakılıq uşaqlarda qorxu, güvənsizlik və özünəinamsızlıq hissi formalaşdırır.
Görüş qarşılıqlı müzakirə şəraitində davam etdirilib və sonda qarşıda duran vəzifələr müəyyən olunub.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini