Daşkəsəndə “Təmiz ölkəm” devizi altında təmizlik aksiyası təşkil edilib
Avqustun 24-də Daşkəsən Rayon İcra Hakimiyyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Xoşbulaq kəndində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Təmiz ölkəm” adlı təmizlik aksiyası təşkil ediblər.
Tədbirin məqsədi təmizliyə riayət olunmasını təbliğ etmək, ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq, əhalini ətraf mühitinin mühafizəsinə cəlb etmək və ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində ictimaiyyətlə əməkdaşlığı gücləndirmək olub.
Aksiyada Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçiləri Elmar Əliyev, Orxan Abbasov, Elmin Paşayev, 10 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Natiq Bayramov, Azər Tofiqzadə, Toğrul Əliyev, Qərb Regional Hidrometeorologiya Mərkəzinin Daşkəsən hidrometeoroloji stansiyasının işçiləri, gənc könüllülər və kənd sakinləri iştirak ediblər.
Zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları çirklənmiş ərazilərdən topladıqları tullantıları çeşidləyərək aidiyyəti üzrə təhvil veriblər.
Unutmamalıyıq ki, ətraf mühitin qorunması hər bir şəxsin borcudur (Azərbaycan Respublikasının Konstitusiyası, maddə 78).
Bir daha da hər bir şəxsi ətraf mühitə və təbiətə qayğı ilə yanaşmağa çağırırıq.