Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ SU EHTİYATLARINDAN SƏMƏRƏLİ İSTİFADƏYƏ DAİR MÜZAKİRƏ KEÇİRİLİB

13 iyul 2022 | 16:57

İyulun 13-də Daşkəsən Rayon İcra Hakimiyyətinin inzibati binasında dəyirmi masa formatında keçirilmiş işgüzar müzakirədə Daşkəsən RİH-nin əməkdaşları, rayon Sukanal sahəsinin rəhbərliyi və işçiləri, icra nümayəndələri, bələdiyyə sədrləri, Daşkəsən şəhər Yaşıllaşdırma idarəsinin və KMK-nın işçiləri, Daşkəsən Gənclərin Karyera və İnkişaf Mərkəzinin könüllüləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Giriş nitqi ilə çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vüqar Məmmədov müzakirə iştirakçılarını Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin adından salamladıqdan sonra deyib ki, “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli 2178 nömrəli Sərəncamı olmuşdur. Sərəncamda bildirilmişdir ki, ölkədə infrastruktur quruculuğunun əsas sahələrindən olan su təchizatı sferasında mühüm işlər görülmüşdür. Bu istiqamətdə dövlətin birbaşa dəstəyi ilə ölkəmizdə yeni sututarların yaradılması və şəbəkə infrastrukturunun genişləndirilməsi üzrə iri layihələr icra edilmişdir. Ölkənin şirin su ehtiyatlarının azlığı, son illərdə müşahidə olunan qlobal iqlim dəyişikliyi və orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının, çaylarda sululuğun və yağıntıların xeyli azalması, digər tərəfdən, əhalinin sürətli artımı, həyat standartlarının yüksəlməsi, ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı şəbəkələrinin genişləndirilməsi nəticəsində suya tələbatın artması respublikanın su təhlükəsizliyinin təmin edilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini şərtləndirir.

Vüqar Məmmədov vurğulayıb ki, həmin Sərəncamın Tədbirlər Planının 7.1-ci bəndində məlumatlandırma və maarifləndirmə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Kənd Təsərrüfatı Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinə, “Azmelsutəsərrüfat” ASC-nə, “Azərsu” ASC-nə, “Azərenerji” ASC-nə və yerli icra hakimiyyəti orqanlarına su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi sahəsində görülən işlər barədə ictimaiyyətin məlumatlandırılması tapşırılmışdır. Yerlərdə vətəndaşlarla izahat və maarifləndirmə işlərinin mütəmadi aparılmasının vacibliyini qeyd edən Vüqar Məmmədov diqqətə çatdırıb ki, rayonun su ehtiyatlarından səmərəli istifadə edilməli, itkilərə yol verilməməlidir.

RİHB-nin müavini Vüqar Məmmədov ötən dövrlərdə RİH-nin başçısı Əhəd Abıyevin təşəbbüsü ilə Daşkəsən rayonunun yaşayış məntəqələrinin su təchizatının yaxşılaşdırılması istiqamətində xeyli işlərin görüldüyünü diqqətə çatdırıb. O qeyd edib ki, Daşkəsən şəhərində, Alunitdağ, Yuxarı Daşkəsən qəsəbələrində, rayonun Quşçu, Alaxançallı, Qabaqtəpə, Əmirvar, Qaraqullar, Qazaxyolçular və digər yaşayış məntəqələrində çoxsaylı su layihələri icra olunmuş, həmçinin onlarla bulaqlar tikilmişdir.

Çıxış edən Daşkəsən Sukanal sahəsinin rəisi Xəyal İbrahimov isə bildirib ki, Azərbaycan hökuməti ilə İslam İnkişaf Bankı tərəfindən maliyyələşən “Daşkəsən şəhərinin su və kanalizasiya sistemlərinin yenidən qurulması” işləri başa çatdırılaraq 2021-ci ilin iyul ayının 22-də Prezident cənab İlham Əliyevin iştirakı ilə açılışı olmuşdur. Bununla da Daşkəsən şəhəri 24 saat ekoloji cəhətdən təmiz və fasiləsiz olaraq içməli su ilə təmin olunur. Daşkəsən rayonunun Mədənçilər yaşayış sahəsi və Yuxarı Daşkəsən qəsəbəsi sakinlərinin 50 ildən artıq “Daşkəsən Dəmir Filiz”  MMC-nin (keçmiş “Daşkəsən Filizsaflaşdırma” ASC) balansında olan Güney-Zağalı su anbarından çəkilmiş texniki su ilə təmin olunması məsələsinə toxunan Xəyal İbrahimov məhz Əhəd Abıyevin təşəbbüsü və yaxından köməkliyi ilə hazırda həmin yaşayış məntəqələrinə “Agah Qrup” MMC tərəfindən Daşkəsən şəhərindən içməli su xəttinin çəkilişi işlərinin aparıldığını deyib.

Müzakirədə Yaponiya hökumətinin “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı” proqramı çərçivəsində Xoşbulaq kəndinin də içməli su təminatının yaxın aylarda yaxşılaşdırılacağının nəzərdə tutulduğu səsləndirilib.

Digər çıxış edənlər də Daşkəsən rayonunda su mənbələri ilə bağlı mövcud problemlərin qarşısını almaq üçün əhali arasında maarifləndirici işin təşkili, içməli suya diqqətlə yanaşılması sahəsində bilik və praktik bacarıqların artırılması istiqamətində bundan sonra da təsirli tədbirlərin davam etdirməyin vacibliyini qeyd ediblər.

Sonra mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

 

Elmar Əliyev

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər