DAŞKƏSƏNDƏ ŞƏHİD AİLƏLƏRİNƏ ORDEN VƏ MEDALLAR TƏQDİM EDİLİB
Dekabrın 30-da Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən təltif olunan ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu və döyüş tapşırıqlarını ləyaqətlə və vicdanla yerinə yetirərək Vətən müharibəsi və Ermənistanın sentyabr təxribatı zamanı şəhidlik zirvəsinə yüksəlmiş hərbi qulluqçuların ailələrinə orden və medalları təqdim edib.
Orden və medalların təqdimetmə mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, SHXÇDX-nin rayon bölməsi, şəhidlərin ailə üzvləri və qazilər iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi anılıb.
İcra başçısı Əhəd Abıyev çıxış edərək deyib:
- Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Vətən müharibəsində cəbhədə döyüşən Azərbaycan Ordusuna yüksək peşəkarlıqla rəhbərlik etməklə yanaşı, həm də informasiya cəbhəsində mübarizə apararaq Azərbaycanın haqlı, ədalətli mövqeyini bütün dünyaya çatdırdı. Qalib Sərkərdə Prezident cənab İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edən Lider kimi adını əbədi olaraq tarixə yazdırdı və 44 günlük Vətən Müharibəsinin əsl qəhrəmanına çevrildi.
Bu şanlı qələbənin qazanılmasında Ermənistanla həmsərhəd və cəbhə rayonu olan Daşkəsəndən də yüzlərlə gənc iştirak etmiş və onlardan 34 nəfər müqəddəs şəhidlik zirvəsinə yüksələrək Prezidentimiz cənab İlham Əliyev tərəfindən çoxsaylı orden və medallarla təltif olunmuşlar. Bu gün də onlardan təltif olunmuş 10 nəfər şəhidimizin ordenlərini yaxınlarına təqdim edirik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.
Müstəqil dövlətimizin inkişafının əsasını təşkil edən Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən, onun ideyalarının siyasi varisi möhtərəm Prezidentimizin cənab İlham Əliyevə və onun ən yaxın silahdaşı Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya şəhid ailələrimizə və qazilərimizə, o cümlədən müharibə iştirakçılarına hər zaman göstərdikləri diqqət və qayğıya görə rayonumuzun şəhid valideynləri, qaziləri və bütün Daşkəsənlilər adından dərin təşəkkürümüzü və minnətdarlığımızı bildirir, onları qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edir, ən xoş arzularımızı çatdırırıq. Allah Prezidentimiz cənab İlham Əliyevi qorusun, Prezidentimiz cənab İlham Əliyev də xalqımızı, dövlətimizi.
Sonra icra başçısı Əhəd Abıyev Prezident cənab İlham Əliyevin Sərəncamları ilə təltif olunmuş şəhidlərimizin orden və medallarını onların ailə üzvlərinə təqdim edib.
Şəhid ailələri və qazilər onlara göstərilən həssas münasibətə və hərtərəfli dövlət qayğısına görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Elmar Əliyev
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini