Daşkəsəndə sahibsiz heyvanların sağlamlığı nəzarətdə saxlanılır
Yaylaq mövsümünün başlanması ilə əlaqədar mal-qara və xırdabuynuzlu davarların, eyni zamanda itlərin təsərrüfat sahibləri tərəfindən Daşkəsən rayon ərazisinə gətirilməsinə başlanılmışdır. Təəssüflə qeyd edilməlidir ki, maarifləndirmə işlərinin də aparılmasına baxmayaraq qışlama ərazilərinə qayıdarkən yaşlı və xəstə itlərini ərazidə qoyub gedirlər. Bu cür hallara təkrar yol verilməməsi üçün hazırda inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyələr tərəfindən kənd sakinləri və fermerlərlə profilaktik söhbətlər aparılır.
Çünki sahibsiz küçə itləri əsasən binaların həyətlərində və yaşayış məskənlərində dəstə şəklində gəzərək insanlar üçün təhlükə yaradırlar.
Ölkəmizdə sahibsiz heyvanların vaksinasiyası, artımının qarşısının alınması üçün əməliyyat yolu ilə qısırlaşdırılması tədbirləri həyata keçirilir. Bu təcrübədən dünyanın bir çox ölkələrində istifadə edilir. Kompleks təbdirlər planında vəhşi heyvanların da oral vaksinasiyası nəzərdə tutulur. Oral vaksinasiya yemləmə yolu quduzluq xəstəliyinə qarşı mübarizə üsuludur. Yemlərə quduzluğa qarşı vaksin qatılaraq meşələrə qoyulur. Bu yolla vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı mübarizə aparılır. Çünki, sahibsiz heyvanlar arasında da əsasən bu xəstəlik vəhşi heyvanlarla təmasdan yaranır.
Daşkəsən rayonu Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsində heyvanların dezinfeksiya və dezinseksiya işləri üçün zəruri avadanlıqlar və mütəxəssislər mövcuddur. Rayonumuzda sahibsiz heyvanların baytarlıq xidməti idarəsinin baytar həkimləri tərəfindən qapı itlərində və tutulmuş sahibsiz heyvanlarda peyvəndlənmə həyata keçirilir. Bundan başqa mütəmadi olaraq quduzluq xəstəliyinə qarşı oral immunizasiya işləri aparılır, meşəlik ərazilərə dərmanlar səpilir. Cari ilin ötən dövrü ərzində 1044 it peyvənd olunmuşdur. Ərazidə olan sahibsiz heyvanların sağlamlığına nəzarət mütəmadi olaraq diqqətdə saxlanılır. Bu sahədə vətəndaşlar tərəfindən daxil olan müraciətlərə həssaslıqla yanaşılır.
2024-cü ilin ötən dövrü ərzində vəhşi heyvanlarda oral immunizasiya məqsədi ilə meşə ərazilərinə və sahibsiz itlərin toplandığı yerlərə 520 doza tələ yemi paylanmışdır. Eyni zamanda sahibsiz itlərə 230 doza tələ yemi verilmişdir.