Daşkəsəndə sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzi fəaliyyətə başlayıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin sifarişi əsasında “Daşkəsən rayonu üzrə sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzinin fəaliyyətinin təşkili” adlı layihənin məqsədi erkən müdaxilə, inklüziv təhsil, asudə vaxtın təşkili proqramları vasitəsilə 18 yaşadək sağlamlıq imkanları məhdud Daşkəsən rayonundan olan uşaqlara reabilitasiya xidmətləri göstərmək, valideynləri məlumatlandırmaq, onların bilik və bacarıqlarını inkişaf etdirməkdir.
Bu sahədə ixtisaslaşmış "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyinin təşkilatçılığı ilə yaradılan Mərkəzdə ilk növbədə funksional qiymətləndirmə aparılmaqla uşaqların gündəlik həyatda üzləşdikləri əqli və fiziki problemlərin aradan qaldırılması üçün aktiv terapiya və oyun terapiyası kimi müasir reabilitasiya üsulları tətbiq edilir. Xidmət ümumi olaraq uşaqların ehtiyacı əsasında aşağıdakı sahələri əhatə edir: sosial iş, sosial-psixoloji dəstək, sosiallaşma, ünsiyyət, koqnitiv bacarıqlar, təhsil, nitq problemləri, hərəkət problemləri (fiziki inkişaf).
Mərkəzin reabilitasiya fəaliyyətlərində uşaqların ailə üzvlərinin, xüsusilə valideynlərinin iştirakı təmin olunur. Bərabər imkanlar yaratmaq məqsədilə Mərkəz könüllülər, yerli icra orqanları, bələdiyyələr, QHT-lər, həmçinin kütləvi informasiya vasitələri ilə də əlaqə yaradıb.
Daşkəsən rayon sosial reabilitasiya Mərkəzinin autizm, daun sindromu, serebral iflic, əqli gerilik, nitq qüsurlu və digər xəstəliklərdən əziyyət çəkən 3-18 yaş arasında 50 üzvü var. Fiziki və əqli qüsurlu uşaqlarla Mərkəzin 4 xüsusi ixtisaslı işçisi – pedaqoq, psixoloq, sosial işçi, loqoped məşğul olur.
Mərkəz ilin sonuna kimi Daşkəsən şəhəri Vahid Alıyev küçəsi ev 1, mənzil 1 ünvanında fəaliyyət göstərəcəkdir.