Daşkəsəndə “Sağlam qida həftəsi” çərçivəsində maarifləndirmə aparılıb
Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2019-cu il tarixli 1143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın 10.12.4-cü və 10.12.5-ci bəndlərinin icrasının təmin edilməsi məqsədi ilə “Sağlam qida həftəsi” çərçivəsində keçirilən tədbirdə sağlam və rasional qidalanmanın əsas şərtləri, normal böyümə və inkişaf üçün orqanizmin ehtiyac duyduğu vitamin və minerallara olan tələbatın ödənilməsinin vacibliyi diqqətə çatdırılıb.
Xüsusi həssas əhali qruplarının, uşaqların, hamilə qadınların düzgün qidalanmalarının əhəmiyyəti və vacibliyi barədə ətraflı məlumat verilib. Eyni zamanda konservləşdirilmiş qidalar, bakteriya mənşəli qida zəhərlənmələrinin təsviri və qarşısının alınması haqqında tövsiyələr çatdırılıb, məhsul alarkən etiket məlumatları ilə bağlı vacib məqamlar izah olunub.
Görüşdə iştirakçıların sualları cavablandırılıb, məlumatlandırıcı bukletlər paylanıb.