DAŞKƏSƏNDƏ SAĞLAM HƏYAT TƏRZİ VƏ DAVRANIŞ RİSK AMİLLƏRİ BARƏDƏ MAARİFLƏNDİRİCİ MATERİALLAR PAYLANIB
Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2022-ci il tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 3.3.7.1-ci, 3.3.7.2-ci və 3.3.7.3-cü bəndlərinə uyğun olaraq rayonun ümumtəhsil məktəblərində sağlam həyat tərzi və davranış risk amilləri barədə maarifləndirici kitabça paylanıb.
Görüşlərdə bildirilib ki, sürətli həyat tempi, ekologiyasının pisləşməsi, informasiya və texniki xarakterli gərginliyin artması orqanizmə mənfi təsir göstərir. Ona görə də sağlamlığı qorumaq qaydalarını bilmək və ona əməl etmək vacibdir. Sağlam həyat tərzi gümrah yaşamağı və xəstəliklərdən uzaq olmağı nəzərdə tutur. Düzgün qidalanma sağlam həyat tərzinin ilkin şərtlərindən biridir, çünki vitamin, mikroelement və həyat enerjisini qidalardan alırıq. Bunu nəzərə alaraq kalorili, faydalı və ekoloji cəhətdən təmiz qidalar qəbul edilməsinə xüsusi fikir vermək lazımdır. Qidanın normadan artıq qəbul edilməsi xoşagəlməz hallara səbəb ola bilər. Gün ərzində 2-3 litr maye qəbul edilməlidir. Yeməkdən yarım saat əvvəl su içmək lazımdır, yemək əsnasında və qidalanmadan dərhal sonra su içilməməlidir. Erkən yaşlardan fiziki cəhətdən fəal həyat sürmək vacibdir. Buraya idman, qaçış, üzgüçülük, hərəkətli oyunlar və s. daxildir. Müsbət fikirlər və nikbin əhval-ruhiyyə sağlamlıq üçün əhəmiyyətlidir. Zərərli vərdişlərdən uzaq olmaq sağlamlığa zəmanətdir. Ümumiyyətlə, zərərli vərdişlər həyat fəaliyyətinin aşağı düşməsinə ciddi təsir göstərən səbəblərdən sayılır. Meşədə, təmiz havada gəzmək, günəş vannası qəbul etmək çox faydalıdır. Elementar gigiyenik qaydalara əməl etmək, vaxtlı-vaxtında tibbi müayinələrdən keçmək sağlam həyat tərzinin bir parçasıdır. Beynin qidalanması da bu sahədə çox mühüm məsələlərdən biridir. Bundan ötrü kitab oxumaq, krossvord həll etmək, elm və təhsilə aid verilişlərə, sənədli filmlərə baxmaq, səyahətə çıxmaq, xarici dil öyrənmək lazımdır. Sağlam həyat tərzinin qaydaları sadədir, əslində ona əməl etmək çətin deyil.
“AzerGold” QSC-nin korporativ sosial məsuliyyət layihəsi çərçivəsində nəşr edilmiş və Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayon ərazisində geniş icra olunmuş Sevinc Nuruqızının müəllifi olduğu “Mənim bir günüm” adlı vəsait yaşadığı gündəlik həyatı azyaşlı oxuculara sadə dildə, eyni zamanda, əyləncəli üsulla təqdim edir. Gözoxşayan illüstrasiyalar və nəfis tərtibat mütaliəni sevdirərək sağlam həyat tərzini vərdiş halına çevirir.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini