Daşkəsəndə “Şagird təhlükəsizliyi” mövzusunda görüşlər keçirilib.
Fevralın 20-si və 21-i tarixlərində Daşkəsən şəhər İ.Nəsimi adına 1 nömrəli və A.Mürsəlov adına 2 nömrəli tam orta məktəblərdə “Şagird təhlükəsizliyi” mövzusunda maarifləndirici görüşlər təşkil olunub.
Tədbirlərdə Daşkəsən Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul əməkdaşları Elxan Hüseynzadə və Rəşad Qurbanov, rayon Təhsil Sektorunun müdiri Elmir Cəfərov və Sekrorun məsul işçiləri, Polis Akademiyasının müəllimi Asəf Hüseynov, Daşkəsən Rayon Polis şöbəsinin yetlikinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun inspektoru Süleyman Məmmədli, məktəblərin psixoloqları, uşaq birliyi təşkilat rəhbərləri, müəllim kollektivi, sinif rəhbərləri və valideynlər iştirak ediblər.
Məktəb kollektivləri və valideynlərlə keçirilən görüşlərdə uşaqlara həssas yanaşmanın onların təhlükəsizliyinin təmin edilməsində əsas hədəflərdən biri olduğu vurğulanıb. Təhsilalanlar arasındakı münasibətlərin düzgün tənzimlənməsi, məktəblilərin psixoloji vəziyyətinin nəzarətdə saxlanılması, valideyn məsuliyyətinin artırılması və şagird davranış qaydalarına nəzarətin daha da gücləndirilməsi kimi məsələlər diqqətə çatdırılıb. Habelə şagirdlərin dərsdən yayınmasının qarşısının alınması, erkən nikah və məişət zorakılığı mövzularına da toxunulub.
Şagirdlərin təhlükəsizliyinin təmin edilməsi, valideyn-məktəb fəaliyyətinin möhkəmləndirilməsi istiqamətində görüşlər davam etdiriləcəkdir.