DAŞKƏSƏNDƏ “RADİKAL VƏ EKSTREMİST TƏMAYÜLLÜ DİNİ CƏRƏYANLARIN MAHİYYƏTİ VƏ GƏNCLƏRƏ PSİXOLOJİ TƏSİR ÜSULLARI” MÖVZUSUNDA SEMİNAR KEÇİRİLİB
Oktyabrın 14-də Daşkəsən Rayon İcra Hakimiyyətinin, Daşkəsən Rayon Heydər Əliyev Mərkəzinin, Rayon Gənclər və İdman İdarəsinin, rayon üzrə Təhsil sektorunun dəstəyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Daşkəsən Heydər Əliyev Mərkəzində “Radikal və ekstremist təmayüllü dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” mövzusunda seminar keçirilib.
Seminarda Daşkəsən RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elmar Əliyev, DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Şahmar Verdiyev, rayon Heydər Əliyev Mərkəzinin direktoru Nailə Məmmədova, Gənclər və İdman İdarəsinin rəisi Samir Həsənov, din xadimləri və gənclər iştirak ediblər.
Çıxışlar zamanı ölkəmizdə mövcud olan nümunəvi dövlət-din münasibətləri haqqında ətraflı məlumat verilib, bu günün gənclərinin gələcək nəslin davamçıları olaraq dini radikalizm və dini ekstremizm barəsində məlumatlı olmasının vacibliyi vurğulanıb. Qeyd edilib ki, Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanlar qardaşlıq, dostluq və qarşılıqlı hörmət şəraitində yaşayırlar.
Sonra Azərbaycanda istehsal olunmuş və dini radikalizmə qarşı mübarizədən bəhs edən “Fitnə” sənədli filminə baxış keçirilib.
Elmar Əliyev
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini