Daşkəsəndə Qurban bayramı münasibətilə müharibə veteranları, qazi və şəhid ailələrinin üzvləri ilə görüş təşkil olunub
İyunun 13-də Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun bir qrup Vətən müharibəsi iştirakçılarının, əlillərinin və şəhid ailələri üzvlərinin iştirakı ilə çay süfrəsi arxasında görüş keçirilib.
Görüşdə Daşkəsən RİHBA-nın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəxri Həsənov, RİHBA-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyev, Daşkəsən rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qocayev, Daşkəsən şəhəri “Cümə” məscidinin imamı Əsəd Seyidov, Daşkəsən rayon Şəhid Anaları Xeyriyyə Mərkəzinin sədri, şəhid anası Qızbəs Abbasova və rayonun ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla anılıb.
Çıxış edənlər dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı və 15 İyun – Milli Qurtuluş Günü münasibətilə başda möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva olmaqla bütün xalqımızı, o cümlədən müharibə veteranlarını, qaziləri, şəhid ailəsi üzvlərini təbrik ediblər, Uca Allahdan ən xoş arzularla xalqımıza sülh, rifah və əmin-amanlıq diləyiblər. Eyni zamanda ölkəmizdə, həmçinin Daşkəsən rayonunda şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına dövlət səviyyəsində göstərilən hərtərəfli diqqət və qayğı barədə söz açıblar. Vurğulanıb ki, qardaşlıq, dostluq, bir-birinə səmimi münasibətdən qaynaqlanan yüksək əhval-ruhiyyə hissləri keçirərək Qurban bayramı ərəfəsində təşkil olunmuş bu görüş həm də ölkə rəhbəri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında, milli-mənəvi dəyərlərimiz qarşısında sarsılmaz birliyə, həmrəyliyə əyani nümunədir.
Vətən müharibəsi qaziləri baş leytenant Ceyhun Əliyev, çavuş Orxan Babayev, şəhid ataları Etibar Cəfərov, Vəli Rzayev, şəhid anaları Sevda Verdiyeva, Nərgiz Vəkilova, Lətifə Mustafayeva, şəhid yoldaşı Reyhan Ələkbərova və digərləri nitq söyləyərək minnətdarlıq hissi ilə Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın onlara hər zaman göstərdikləri həssas münasibətdən, diqqət və qayğıdan danışıblar. Bildiriblər ki, ölkə rəhbərliyinin Daşkəsən rayonunda da yaratdığı hər cür şəraitə görə həmin qayğını gündəlik həyatlarında hiss edirlər. Bunu rayonda keçirilən tədbirlərə dəvət olunmalarından, bayramlarda, əlamətdar günlərdə onlarla keçirilən bu cür səmimi görüşlərdən, müraciətlərinə hər zaman bəslənən xüsusi həssas münasibətdən, problemlərinin operativ surətdə həll edilməsindən aydın şəkildə görmək olar.
Görüşdə bir sıra məsələlər müzakirə olunub, təkliflər irəli sürülüb, suallar cavablandırılıb.
Görüş bayram əhval-ruhiyyəsində başa çatıb.