Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ QEYRİ-FORMAL MƏŞĞULLUĞUN SƏVİYYƏSİNİN AZADILMASI İLƏ BAĞLI NÖVBƏTİ İCLAS KEÇİRİLİB

30 noyabr 2022 | 12:02

Noyabrın 30-da Daşkəsən Rayon İcra Hakimiyyəti yanında Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin növbəti iclası keçirilib.

RİH başçısının müavini, RİH-nin yanında Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsinin sədri Vüqar Məmmədovun sədrliyi ilə keçirilən iclasda RİHBA-nın məsul işçiləri, Gəncə-Daşkəsən regional  Məşğulluq  Filialının, rayon Polis Şöbəsinin, rayon üzrə təhsil sektorunun, Statistika  İdarəsinin, rayon üzrə Maliyyə Şöbəsinin, rayon Gənclər və İdman İdarəsinin, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi idarəsinin rayon şöbəsinin, ƏƏSMN-nin tabeliyində DSMF publik hüquqi şəxsin Gəncə-Daşkəsən regional filialının rayon qəbul şöbəsinin, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Monitorinq şöbəsinin, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının və rayon Bələdiyyələr Şurasının rəhbər və məsul işçiləri iştirak ediblər.

RİH başçısının müavini Vüqar Məmmədov iclası giriş sözü ilə açaraq qeyd edib ki, Əlaqələndirmə Komitəsi rayon ərazisində  qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasına çalışır və bu sahədə ardıcıl məqsədyönlü işlər görür. Məşğulluğun qeyri-formal məşğulluqdan formal məşğulluğa keçidi ilə yanaşı, insanların daha layiqli işlə təmin olunması hədəf kimi qarşıda durur. Çünki rayonumuzda iqtisadi fəal əhali arasında məşğulluq xidmətində işaxtaran şəxslərin sayı  kifayət qədərdir. Ona görə də, hər il yeni iş yerləri açılmalı və qeyri-formal məşğulluğun qarşısı alınmalıdır. Bu proses davam edir. Rayon ərazisində fəaliyyət göstərən iri sənaye müəssisələri bu sahədə böyük dəstək göstərir. Bu barədə “AzerGold” QSC-nin rayonumuzda uğurlu fəaliyyəti təqdirəlayiqdir.

Vüqar Məmmədov həmçinin rayon əhalisinin məşğulluğunu təmin etmək üçün RİHBA yanında Məşğulluğa kömək göstərən Əlaqələndirmə Komitəsi tərəfindən cari ilin 9 ayı ərzində görülən işlər barədə ətraflı məlumat verib, əhalinin məşğulluğunun təmin olunması istiqamətində görülən işlər çərçivəsində yeni iş yerlərinin yaradıldığını bildirib. Ötən müddət ərzində 523 nəfər rayon sakinin işlə təmin olunduğunu diqqətə çatdırıb.

İclasda cari ilin oktyabr ayında Baş nazirinin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədovun sədrliyi ilə keçirilmiş Məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin fəaliyyətinə dair növbəti respublika müşavirəsində əlaqələndirmə komitələrinin səmərəli fəaliyyətinin təşkili məqsədilə komitə rəhbərlərinə verilmiş müvafiq tapşırıqlar barədə də məlumat verilib. Bildirilib ki, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyası yanında İşçi Qruplarının rəhbərləri – Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev, İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev, məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin rəhbərləri iştirak ediblər. Komissiya sədri Əli Əhmədov deyib ki, dövlət başçısının 2017-ci il 17 mart tarixli Sərəncamına əsasən yaradılmış Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyasının fəaliyyəti dövründə əmək müqaviləsi bildirişlərinin sayında 400 minə yaxın və ya 31,2 faiz artım olub. Həmin dövrdə qeydiyyatda olan fiziki şəxs fərdi sahibkarların sayı 58 faiz, hüquqi şəxslərin sayı isə 60 faiz artıb. Bu sahədə nailiyyətlərin davamlılığını təmin etmək üçün məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin də fəaliyyətinin təkmilləşdirilməsi qarşıda əsas vəzifələrdən biri kimi qoyulub.

Sonra mövzu ilə bağlı komitə üzvləri tərəfindən fikir mübadiləsi aparılıb, qarşıda duran vəzifələr müəyyən edilib.

 

Elmar Əliyev – Vüqarlı

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər