DAŞKƏSƏNDƏ QƏHVƏYİ MƏRMƏR BAĞACIĞINA QARŞI MÜBARİZƏ ÜSULLARINA DAİR MAARİFLƏNDİRMƏ KEÇİRİLİB
Fevralın 10-da Daşkəsən Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin birgə təşkilatçılığı ilə qəhvəyi mərmər bağacığının (Halyomorpha halys) yayılmasının qarşısını almaq məqsədilə Daşkəsən rayon Heydər Əliyev Mərkəzində aidiyyəti qurumların əməkdaşları və fermerlərlə görüş keçirilib.
Tədbir iştirakçılarını Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin adından salamlayan RİHB-nin müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vüqar Məmmədov bildirib ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi haqqında” 30 dekabr 2022-ci il tarixli 819s nömrəli Sərəncamı ilə Tədbirlər Planı təsdiq edilmişdir. Tədbirlər Planının 2-ci bəndinə əsasən qəhvəyi mərmər bağacığının bioloji xüsusiyyətləri, qidalandığı bitkilər, vurduğu zərər, onunla mübarizə üsullarına dair maarifləndirmə tədbirləri mütəmadi olaraq yerlərdə həyata keçiriləcəkdir. Maarifləndirmə tədbirlərinin icraçısı kimi Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti, Elm və Təhsil Nazirliyi və yerli icra hakimiyyətləri göstərilmişdir. Nəzərdə tutulan tədbirlərin koordinasiyalı icrasını təmin etmək üçün Qida Təhlükəsizliyi Agentliyinin rəhbərliyi ilə Aqrar Xidmətlər Agentliyi, Meşələrin İnkişafı Xidməti, Dövlət Gömrük Komitəsinin, “Azərbaycan Dəmir Yolları” QSC-nin və yerli icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət Regional Əlaqələndirmə Mərkəzi də yaradılmışdır. “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.3-cü bəndinin, yəni aqrar bölmənin inkişafı sahəsində və 4.7-ci bəndinin, yəni insanların sağlamlığının, ərazinin sanitar-epidemioloji şəraitinin yaxşılaşdırılması və ətraf mühitin qorunması, ekoloji təhlükəsizliyin təmin edilməsi sahələrində yerli icra hakimiyyətlərinin fəaliyyət istiqamətlərinə uyğun olaraq Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində bu sahə üzrə bütün lazımi köməklik və dəstək göstərilir.
Qida Təhlükəsizliyi Agentliyinin Gəncə-Daşkəsən Regional Bölməsinin məsul əməkdaşı Fərmayıl Qəhrəmanov çıxışında diqqətə çatdırıb ki, qonşu dövlətlərdə yayılmış, bir çox kənd təsərrüfatı bitkilərinə, o cümlədən fındıq bağlarına, eləcə də meşə təsərrüfatına, park və yaşıllıqlara ciddi ziyan vura bilən qəhvəyi mərmər bağacığı respublikamızın 8 rayonu üzrə 34 yaşayış məntəqəsində aşkarlanmışdır və növbəti illərdə ölkə ərazisində geniş yayılması riski yüksəkdir. Qəhvəyi mərmər bağacığı təhlükəli zərərverici olub, 300-dən çox bitki ilə qidalanır və onlardan 113-ü Azərbaycan florasında mövcuddur. Zərərverici yaz-yay mövsümündə uçmaqla, payız-qış mövsümündə isə sığınacaq yerləri olan qablaşdırma və nəqliyyat vasitələri ilə ərazilərə yayılır. Bağacığın yetkin fərdləri daha çox insanların yaşadığı binalarda və digər tikili sığınacaqlarda qışlamağa üstünlük verirlər. Bir evdə bir neçə min bağacıq yığıla bilər. İnsanlar üçün heç bir zərərliliyi yoxdur. Yazda bağacıqlar aprel ayının axırına yaxın qışlama yerini tərk edərək 1-2 həftə müddətində qidalandıqdan sonra dişi fərdlər bir neçə dəfə yumurta qoyma yerinə yetirirlər. Yumurtalarını (1,3-1,6 mm ölçüdə) yarpaqların aşağı hissəsinə ağ şaraoxşar topa şəklində (25–30 ədəd) qoyurlar. Mərmər bağacığına qarşı kimyəvi mübarizədə təsiredici maddələrdən sintetik piretroitlərə aid edilən Alpha cypermethrin, Lambda-cyhalothrin, Bifenthrin və Neonikotinoidlərə aid İmidacloprid, Thiacloprid, Thiamethoxam insektisidlərindən istifadə olunur. Evlərdə, tikililərdə müşahidə edilən qəhvəyi mərmər bağacıqları mexaniki yolla (əllə və digər vasitələrlə) yığılaraq məhv edilir. Regional Əlaqələndirmə Mərkəzi vətəndaşlara Qərb rayonları üzrə yaşayış yerlərində, əkin sahələrində və digər ərazilərdə zərərvericiyə rast gəldikdə +994997088588 “Qaynar xətt” nömrəsinə zəng vurmağı tövsiyə edir.
Sonra iştirakçıları maraqlandıran müxtəlif suallar cavablandırıb və məlumatlandırıcı bukletlər paylanıb.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini