Daşkəsəndə övladlığa götürülmüş, qəyyumluğa və ya himayəyə verilmiş uşaqların ailələrində monitorinqlər aparılıb.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 iyul tarixli 2173 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın 4.5.7-ci bəndinin icrası Daşkəsən rayonunda aidiyyəti qurumlarla birgə nəzarətdə saxlanılır. Daşkəsən Rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyası tərəfindən rayonda övladlığa götürülmüş, qəyyumluğa və ya himayəyə verilmiş uşaqların ailələrində monitorinqlər aparılır. Monitorinqlər zamanı uşaqların həyat şəraiti, sosial müdafiəsinin yaxşılaşdırılması, hüquqlarının müdafiəsi, təhsilə cəlb edilməsi, tərbiyə olunması, asudə vaxtlarının təşkili, zərərli vərdişlərdən qorunması, sağlamlığı əsas məqsəd kimi qarşıya qoyulur.
Cari ildə 11 ailədə, ümumilikdə 13 görüş keçirilərək uşaqların valideynləri və qanuni nümayəndələri ilə ətraflı maarifləndirmə, izahat işləri aparılıb, onlara tövsiyələr verilib, eyni zamanda müəyyən edilmiş bəzi çatışmazlıqların operativ surətdə aradan qaldırılmasına nail olunub.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın tərkibində rayonun hüquq mühafizə orqanlarının, təhsil, səhiyyə və sosial sahələr üzrə nümayəndələrin koordinasiyalı fəaliyyəti ilə rayon ərazisində övladlığa götürülmüş, qəyyumluğa və ya himayəyə verilmiş uşaqların məişət şəraiti ilə bağlı monitorinqlər mütəmadi davam etdiriləcəkdir.