Daşkəsəndə Novruz bayramı münasibətilə şəhid ailələrinə baş çəkilir.
Novruz bayramı münasibətilə Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçiləri rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərlərinin iştirakı ilə şəhid ailələrini ziyarət edirlər. Həmçinin şəhidlərimizin ailə üzvləri qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edilərək onlara bayram sovqatları təqdim edilir, maddi və digər yardımlar olunur.
Şəhid ailələri ilə keçirilən görüşlərdə qeyd olunub ki, möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində rəşadətli Azərbaycan Silahlı Qüvvələri tərəfindən qazanılan Böyük Zəfər 30 ildən artıq davam edən ədalətsizliyə son qoydu. Xalqımızın qəhrəman əsgər və zabitlərinin fədakarlığı ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin edildi. O cümlədən vurğulanıb ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini və adını uca tutmaq, əbədiləşdirmək, onların yaxınlarına, doğmalarına, ailə üzvlərinə diqqət və qayğı göstərmək hər birimizin vətəndaşlıq borcudur.
Daşkəsənli şəhid ailələri onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirərək ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıq ediblər.