Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə Novruz bayramı günlərində yanğın təhlükəsizliyi qaydalarına dair əhali arasında maarifləndirmə aparılıb.

04 mart 2024 | 17:18

Qarşıdan gələn və xalqımızın milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı ilə əlaqədar, xüsusilə çərşənbə axşamlarında bir sıra mərasimlərin təşkili, o cümlədən tonqal qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması səbəbindən bəzən yanğınlar baş verir, nəticədə sakinlərə maddi və mənəvi ziyanlar dəyir.

Novruz bayramı günlərində Daşkəsən rayonu ərazisində yanğın təhlükəsizliyinin etibarlı təmin olunması üçün Daşkəsən Rayon İcra Hakimiyyəti Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ilə birgə bayram tədbirlərinin keçiriləcəyi müəssisələrdə, insanların kütləvi toplaşdığı yerlərdə maarifləndirici söhbətlər apararaq bukletlər paylayıblar. Eyni zamanda çoxmərtəbəli yaşayış və ictimai binaların girişinə yanğın təhlükəsizliyi qaydalarına dair məlumat lövhələri asılıb.  

Diqqətə çatdırılıb ki, bir çox hallarda vətəndaşlar tərəfindən tonqal yandırılarkən yerinin düzgün seçilməməsi və yandırılmış tonqalın nəzarətsiz qalması xoşagəlməz hadisələrin baş verməsinə səbəb olur. Tonqal yandırarkən yeri yanar materiallardan, qaz, elektrik və rabitə xətlərindən, yaşayış evlərindən, yardımçı tikililərdən, eləcə də  ot-saman tayalarından kənarda seçilməlidir. Tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində saxlanmalı, tonqal üzərindən atılarkən ehtiyatlı olunmalıdır. Bayram şənlikləri zamanı tonqallar tam söndürülənədək nəzarət davam etdirilməlidir.  Çünki zəif bir külək nəticəsində tam sönməmiş tonqalın közü yanğının baş verməsi üçün potensial mənbə ola bilər. Ümumiyyətlə, küləkli havada tonqalların qalanması məqsədəuyğun deyil.

Novruz şənliklərində yanar mayelərlə hopdurulmuş məşəllərin, qığılcım saçanların və fişənglərin azyaşlı uşaqlar tərəfindən istifadə olunmasına yol vermək olmaz. Çünki məşəllər evlərin dam örtüklərinin, həyətyanı sahələrə yığılmış yanar materialların, çəpərlərin və ot-saman tayalarının üzərinə düşə bilər və yanğının baş verməsinə səbəb olar.

Novruz şənliklərinin keçirildiyi küçə və meydanlarda vətəndaşlar xoşagəlməz hadisələrin baş verməməsi üçün daha da diqqətli olmalıdırlar. Novruz bayramında süfrələrimizin bəzəyi olan xonçalarda şam yandırılarkən yanar şamı öz ərintisi ilə masa, kibrit qutusu üzərinə və digər yanar materiallara yapışdırmaq  olmaz.

Bayram tədbirləri zamanı əhali ilə yanaşı, idarə, müəssisə və təşkilat rəhbərləri yanğın təhlükəsizliyi qaydalarına nəzarəti gücləndirməli, tədbir keçiriləcək yerlərdə yanğın təhlükəsizliyinə cavabdeh şəxslər təyin etməli və qabaqlayıcı tədbirlər görməlidirlər.

Novruz şənliklərində xoşagəlməz hadisələrlə üzləşməmək üçün yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl edilməli, yanğın hadisələri ilə üzləşdikdə isə dərhal  Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə və ya “101” xidmətinə məlumat vermək lazımdır.

Keçidlər