DAŞKƏSƏNDƏ "NARKOTİKLƏRƏ YOX DEYƏK!" MÖVZUSUNDA NÖVBƏTİ MAARİFLƏNDİRMƏ TƏDBİRİ KEÇİRİLİB
Sentyabrın 29-da Daşkəsən Rayon Polis Şöbəsi Rayon İcra Hakimiyyəti, rayon prokurorluğu və rayon üzrə təhsil sektoru ilə birgə Daşkəsən şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə yuxarı sinif şagirdləri üçün "Narkotiklərə yox deyək!" mövzusunda maarifləndirmə aparıb.
Daşkəsən Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Seymur Əfəndiyev mövzu ilə bağlı çıxışında bildirib ki, Azərbaycan Respublikasının dövlət siyasətində narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı siyasətdir. Polis Şöbəsinin rəisi S. Əfəndiyev onu da vurğulayıb ki, narkomanlığın qarşısını almaq üçün ictimaiyyət hüquq-mühafizə orqanları işçilərinə yaxından köməklik göstərməlidir. Çünki sosial bəla olan narkomaniyaya qarşı mübarizədə iştirak etmək hamımızın vətəndaşlıq borcudur.
Daşkəsən rayon prokurorunun böyük köməkçisi Nasir Şükürzadə də çıxış edərək prokurorluq tərəfindən rayonda narkomaniya ilə bağlı keçirilən tədbirlər, görülən profilaktiki işlər barədə məlumat verib.
Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçisi Elxan Hüseynzadə tədbir iştirakçılarını RİH-nin başçısı Əhəd Abıyevin adından salamladıqdan sonra tədbirin əhəmiyyəti haqqında danışıb və ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə məqsədilə rayonda maarifləndirmə işlərinin mütəmadi olaraq aparılmasının vacibliyini vurğulayıb.
Digər çıxış edənlər də cəmiyyətin ciddi bəlasına çevrilən narkomaniyanın yaratdığı problemlər, insan sağlamlığına və psixologiyasına vurduğu zərərlər barəsində yeniyetmələri məlumatlandırıblar.
Tədbirdə narkomaniyanın zərərlərindən bəhs edən videoçarxlar nümayiş olunub və şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Elmar Əliyev
Daşkəsən RİH-nin İctimai-siyasi və humanitar
məsələlər şöbəsinin müdir müavini