Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ NARKOMANİYA VƏ MƏİŞƏT ZORAKILIĞINA QARŞI MÜBARİZƏYƏ DAİR MAARİFLƏNDİRMƏ İŞLƏRİ DAVAM ETDİRİLİR

16 fevral 2023 | 14:48

Fevralın 16-da Daşkəsən Rayon İcra Hakimiyyəti Rayon Polis Şöbəsi ilə birgə rayonun Heydər Əliyev Mərkəzində "Narkomaniya və məişət zorakılığına qarşı mübarizə” mövzusunda maarifləndirmə keçirib.

Tədbirdə Daşkəsən RİHBA-nın Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Elxan Hüseynzadə, RPŞ-nin rəisi polis polkovniki Seymur Əfəndiyev, rayon Heydər Əliyev Mərkəzinin direktoru Nailə Məmmədova, rayon üzrə Təhsil sektorunun məsul əməkdaşları, rayon mərkəzi xəstəxanası həkimləri, məktəb direktorları, gənclər və yuxarı sinif şagirdləri iştirak ediblər.

Daşkəsən Rayon Polis Şöbəsinin rəisi Seymur Əfəndiyev mövzu ilə bağlı geniş məruzəsində qeyd edib ki, Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərində və yerlərdə narkomaniya, onun fəsadları, habelə erkən nikah,  dini ekstremizm və digər bu kimi mövzulara həsr olunan silsilə tədbirlər mütəmadi olaraq keçirilir. Seymur Əfəndiyev vurğulayıb ki, bu qəbildən aparılan geniş maarifləndirmə işlərinin məqsədi gələcəyimiz olan yeniyetmələrə, gənclərə, həmçinin ziyalılara “narkomaniya” adlanan ümumbəşəri faciə, ona yoluxma halları, nəticələri, dövlətimiz tərəfindən həyata keçirilən təxirəsalınmaz, qabaqlayıcı tədbirlər haqqında məlumat vermək, narkomaniyanın məhvə aparan, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına təkan verən bir bəla olduğunu aşılamaqdır.

RİHBA-nın məsul əməkdaşı Elxan Hüseynzadə isə çıxışında məişət zorakılığı, zərərli vərdişlər və Daşkəsəndə bunların qarşısının alınması istiqamətdə görülən profilaktik tədbirlər haqqında ətraflı məlumat verib, sağlam  həyat tərzinin mənəvi saflıq və fiziki sağlamlıq üçün yeganə yol olduğunu gənclərə bildirib, hər bir gənci bütün əqidəsi və iradəsi ilə narkomaniyaya və hər cür zərərli vərdişə, habelə zorakılığa yox deməyə çağırıb. Elxan Hüseynzadə vurğulayıb ki, narkomanlığa və digər zərərli vərdişlərə düçar olmuş şəxslərin ailələrində məişət zorakılığına daha çox rast gəlinir. Sağlam həyat tərzinin “düşmənləri” sayılan bu cür neqativ hallar münaqişəli ailələrin əsasını təşkil edir və nəticədə cəmiyyətə ziyan vurur. Odur ki, hər birimiz bütövlükdə cəmiyyətimiz üçün gənclərimizi zərərli vərdişlərə aludə olmaqdan var gücümüz və fəaliyyətimizlə çəkindirməli, onları sağlam ruhda tərbiyə etməliyik.

 “Narkomaniyanın və məişət zorakılığının qarşısının alınması üçün təhsil işçiləri və valideynlər hüquq-mühafizə orqanları ilə birgə mübarizə aparmalıdırlar”, - deyən Rayon Heydər Əliyev Mərkəzinin direktoru Nailə Məmmədova şagirdlərə dərslərinə ciddi yanaşmalarını, cəmiyyətimiz üçün faydalı işlər görmələrini tövsiyə edib.

Görüşdə erkən nikahın, dini savadsızlığın, sosial şəbəkələrdən düzgün istifadə edilməməsinin gənclərin həyatında törətdiyi fəsadlardan da söz açılıb, narkomaniya və məişət zorakılığı barəsində suallar cavablandırılıb, müvafiq izahatlar verilib, RİH tərəfindən hazırlanmış məlumatlandırıcı bukletlər paylanıb. 

Tədbirin sonunda narkomanlıq və onun fəsadlarından bəhs edən  video-çarx nümayiş olunub.

 

Elmar Əliyev – Vüqarlı

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər