Daşkəsəndə narkomaniya əleyhinə növbəti maarifləndirmə aparılıb
Oktyabrın 21-də Daşkəsən Rayon İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsinin, Təhsil Sektorunun və Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə Daşkəsən şəhər A.Mürsəlov adına 2 nömrəli tam orta məktəbdə “Narkomaniyaya qarşı mübarizə sağlam həyatın təminatıdır” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə Daşkəsən RİHBA-nın YYÇİHMK-nin məsul katibi Elxan Hüseynzadə, Rayon Polis Şöbəsi rəisinin müavini Vüsal Qurbanov, Təhsil Sektorunun əməkdaşı Ayxan Fərəcli, Gənclər və İdman Sektorunun baş məsləhətçisi Rəşail Babayev, məktəbin müəllim və yuxarı sinif şagirdləri iştirak ediblər.
Çıxışlarda bildirilib ki, xüsusilə yeniyetmə və gənclər üçün “ağ ölüm” adlandırılan bu bəlaya düçar olanlar daim mənəvi, tibbi, iqtisadi və sosial problemlər məngənəsində boğulurlar. Narkomaniyanın acı nəticəsi təkcə ölkələrə vurulan maddi və mənəvi zərərlə yox, milyonlarla insanın məhvi ilə ölçülür. Odur ki, insanların sağlamlığını və həyatını ciddi təhlükə altına alan, əxlaqi və mənəvi dəyərləri sarsıdan, insanlığa xələl gətirən, sosial-iqtisadi tərəqqini ləngidən, bir sözlə, həyatı iflic edən narkomanlığa münasibətdə hər birimiz barışmaz mövqe tutmalı və ümumbəşəri bəlaya qarşı qətiyyətli mübarizə aparmalıyıq.
Sonda məktəblilərin fikirləri dinlənilib, sualları cavablandırılıb və narkotikin fəsadlarından bəhs edən videoçarx nümayiş etdirilib.