Daşkəsəndə məktəblilər “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində su ehtiyatlarından və elektrik enerjisindən səmərəli istifadə mövzusunda maarifləniblər
Mayın 30-da Daşkəsən Rayon İcra Hakimiyyəti rayon üzrə Təhsil Sektoru, Daşkəsən Sukanal sahəsi və “Daşkəsən” Elektrik Şəbəkəsi ilə birgə Daşkəsən şəhər A.Mürsəlov adına 2 nömrəli tam orta məktəbdə şagirdlərlə maarifləndirici görüş keçirib.
Tədbir “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın 4.4-cü və 4.8-ci bəndlərinin icrası məqsədi daşıyıb.
Görüşdə məktəblilərə “Su probleminin yaranma səbəbləri”, “İqlim dəyişmələrinin su ehtiyatlarına təsiri”, “Daşkəsən rayonunda sudan səmərəli istifadəyə dair həyata keçirilən tədbirlər”, “Yaşıl enerji”, “Məişətdə elektrik enerjisindən qənaətlə istifadə üsulları” və s. mövzularda praktik məlumatlar çatdırılıb. Vurğulanıb ki, yaşadığımız binalarda, evimizdə, məişətimizdə sudan və enerjidən düzgün istifadə etməklə biz təbii sərvətlərin tükənməsinin, israfçılığın və ekoloji problemlərin yaranmasının qarşısını ala, eyni zamanda ailə büdcəmizə qənaət edə bilərik.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb və məlumatlandırıcı bukletlər paylanıb.