Daşkəsəndə məktəb şagirdləri narkomaniya və onun fəsadları barədə maarifləndiriliblər
Mayın 22-də Daşkəsən Rayon İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsinin, Təhsil Sektorunun və Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə Qaraqullar kənd orta məktəbində “Narkomaniyaya qarşı mübarizə sağlam həyatın təminatıdır” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Daşkəsən RİHBA-nın YYÇİHMK-nin məsul katibi Elxan Hüseynzadə, Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Seymur Əfəndiyev, Təhsil Sektorunun əməkdaşı Zahir Əliyev, Gənclər və İdman Sektorunun baş məsləhətçisi Rəşail Babayev, məktəbin müəllim və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbir gənclərdə və yeniyetmələrdə narkomaniya və onun fəsadları haqqında düzgün təsəvvürün formalaşdırılması, bu sahədə onların məlumatlılıq səviyyəsinin artırılması və maarifləndirmə-profilaktika işlərinin gücləndirilməsi, habelə sağlam həyat tərzinin təbliğ olunması məqsədi daşıyıb.
Əvvəlcə narkotik vasitələrin, psixotrop maddələrin və onların qanunsuz dövriyyəsinə qarşı mübarizəyə, narkomaniyanın törətdiyi ağır fəsadlara həsr olunan videoçarx nümayiş etdirilib.
Daşkəsən Rayon Polis Şöbəsinin rəisi Seymur Əfəndiyev çıxış edərək bəşəri bəla olan narkomaniyaya qarşı aparılan mübarizə çərçivəsində respublikada və Daşkəsən rayonunda görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışıb. Həmçinin bildirib ki, xüsusilə yeniyetmə və gənclər üçün “ağ ölüm” adlandırılan bu bəlaya düçar olanlar daim mənəvi, tibbi, iqtisadi və sosial problemlər məngənəsində boğulurlar. Narkomaniyanın acı nəticəsi təkcə ölkələrə vurulan maddi və mənəvi zərərlə yox, milyonlarla insanın məhvi ilə ölçülür. Odur ki, insanların sağlamlığını və həyatını ciddi təhlükə altına alan, əxlaqi və mənəvi dəyərləri sarsıdan, insanlığa xələl gətirən, sosial-iqtisadi tərəqqini ləngidən, bir sözlə, həyatı iflic edən narkomanlığa münasibətdə hər birimiz barışmaz mövqe tutmalı və ümumbəşəri bəlaya qarşı qətiyyətli mübarizə aparmalıyıq.
Digər çıxışlarda narkomaniyanın insan sağlamlığı, cəmiyyət üçün yaratdığı problemlər, narkomaniya ilə mübarizə istiqamətində həyata keçirilən maarifləndirmə işləri, bu sahədə qəbul olunan dövlət proqramları, sağlam həyatın vacibliyi və sair haqqında geniş məlumatlar verilib.
Sonda məktəblilərin fikirləri dinlənilib və onların sualları cavablandırılıb.