Daşkəsəndə məişət zorakılığı, erkən nikah və təhsildən yayınma hallarına qarşı maarifləndirici görüş keçirilib
Fevralın 9-da Daşkəsən Rayon İcra Hakimiyyətinin rayon üzrə Təhsil Sektoru ilə birgə Daşkəsən şəhər A.Mürsəlov adına 2 nömrəli tam orta məktəbdə keçirdiyi maarifləndirici görüşdə yuxarı sinif şagirdləri, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edən RİHBA-nın Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Rəşad Qurbanov diqqətə çatdırıb ki, Daşkəsən RİH müvafiq dövlət qurumları və QHT-lərlə əməkdaşlıq çərçivəsində erkən və qohum nikahlarına, məişət zorakılığına və təhsildən yayınma hallarına qarşı davamlı iş aparır. R. Qurbanov məruzəsində erkən nikahın qızlarda yaratdığı fiziki və psixoloji fəsadlardan, eyni zamanda bu halların təhsildən yayınma və məişət zorakılığı kimi digər hüquq pozuntularına səbəb olmasından və cəmiyyətə vurduğu ziyanlardan söz açıb.
Tədbirdə digər çıxış edənlər də məişət zorakılığı, erkən nikah və təhsildən yayınma halları, onların fəsadları, aradan qaldırılması yolları, bu sahədə mövcud yerli və beynəlxalq qanunvericilik, habelə RİH tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat veriblər.
Müzakirə şəraitində keçən görüşün sonunda şagirləri maraqlandıran suallar cavablandırılıb.