Daşkəsəndə media subyektlərini də cəlb etməklə tərbiyə məqsədilə uşaqlara qarşı hər cür zorakılığın mənfi nəticələrinə dair növbəti maarifləndirmə keçirilib
İyulun 10-da Daşkəsən Rayon İcra Hakimiyyətinin rayon Heydər Əliyev Mərkəzi ilə birgə təşkil etdikləri uşaq hüquqlarının müdafiəsi barədə maarifləndirmə tədbirində RİHBA-nın Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Rəşad Qurbanov, rayon Heydər Əliyev Mərkəzinin direktoru Nailə Məmmədova, Rayon Polis Şöbəsinin əməkdaşları, səhiyyə və mədəniyyət işçiləri, media mənsubları, müəllimlər, valideynlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2020-ci il tarixli 2306 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.3.9-cu bəndinin (tərbiyə məqsədilə uşaqlara qarşı hər cür zorakılığın mənfi nəticələri haqqında maarifləndirmə tədbirlərinin media subyektlərini cəlb etməklə əhatə dairəsinin genişləndirilməsi) icrası məqsədi daşıyıb.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla anılıb.
Çıxışlarda bildirilib ki, uşaqların həm fiziki, həm də psixi inkişafına nail olmaq müasir dövrün ən qlobal çağırışlarındandır. Uşaqlar cəmiyyətin, ailənin güzgüsüdür. Onlara öyrədilən davranış üsulları, təlim-tərbiyə metodları uşaqların inkişafına, hərəkətlərinə, düşüncələrinə təsir göstərir, şəxsiyyət kimi formalaşmalarını təmin edir. Bəzi hallarda uşaqlara düzgün münasibət göstərilmir və bu, bir çox fəsadlara gətirib çıxarır. Uşaqlara qarşı tətbiq edilən zorakılıq hərəkətləri onların normal inkişafına mane olur. Dövrümüzdə daha çox rast gəlinən məişət zorakılığıdır. Bu da bir çox səbəblərdən qaynaqlanır. Lakın heç bir səbəb şiddətin göstərilməsinə, uşaqların hüquqlarına əngəl olmasına əsas gətirmir. Ümumiyyətlə, uşaq hüquqlarını pozan bütün hallar zorakılıq kimi qiymətləndirilir.
Görüşdə həmçinin tərbiyə məqsədilə uşaqlara qarşı hər cür zorakılığın mənfi nəticələri haqqında maarifləndirmə tədbirlərinin media subyektlərini cəlb etməklə aparılmasının əhəmiyyəti vurğulanıb.
Fikir mübadiləsindən sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb, videoçarx nümayiş etdirilib.