Daşkəsəndə korrupsiyaya qarşı mübarizə ilə bağlı ictimai müzakirə keçirilib
Fevralın 15-də Daşkəsən Rayon İcra Hakimiyyətində “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində növbəti ictimai müzakirə təşkil olunub.
Müzakirədə Daşkəsən RİH-nin Hüquq şöbəsinin müdiri Ruslan Məmmədəliyev, RİH-nin, habelə idarə, müəssisə və təşkilatların məsul əməkdaşları, RİH yanında fəaliyyət göstərən İctimai Şuranın üzvləri, QHT təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
RİHBA-nın Hüquq şöbəsinin müdiri Ruslan Məmmədəliyev respublikamızda korrupsiyaya qarşı mübarizənin hüquqi və strateji əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu, bu sahədə fəaliyyətin möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə dövrümüzdə özünün ən uğurlu və yüksək mərhələsinə çatdığını, dövlət qurumlarında yeni elektron xidmət mexanizmlərinin tətbiqinin şəffaflığın təmin olunmasında mühüm rol oynadığını bildirib. Son illər ölkəmizdə korrupsiya və rüşvətxorluqla mübarizə sahəsində yüksək təqdirəlayiq nəticələrin əldə olunduğunu vurğulayıb.
Ruslan Məmmədəliyev həmçinin korrupsiyanın yaratdığı təhlükələr barədə danışıb, korrupsiya ilə əlaqədar hüquqpozmalar, bu sahədə əsas anlayışlar, hüquqpozmaların subyektləri, korrupsiya riskləri və digər məsələlər haqqında geniş məlumat verib.
Çıxış edən digər tədbir iştirakçıları isə dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılmasının, korrupsiyaya şərait yaradan halların qarşısının alınmasının, korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən işlərin davamlılığının təmin edilməsinin vacibliyini qeyd edərək, həyata keçirilən təsirli tədbirlərin dövlət orqanlarına ictimai etimadı daha da artırdığını deyib.
Müzakirələrin sonunda suallar cavablandırılıb.