Daşkəsəndə korrupsiya hüquqpozmaları ilə bağlı maarifləndirici tədbir keçirilib
Mayın 22-də Daşkəsən Rayon İcra Hakimiyyəti, rayon Prokurorluğu və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Daşkəsən rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"nın 6.2-ci və 6.9-cu bəndlərinin icrası ilə əlaqədar rayonun ümumtəhsil məktəblərinin direktorları, direktor müavinləri və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə maarifləndirici görüş keçirilib.
Görüşdə Daşkəsən Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyev, Rayon Prokurorluğunun müstəntiqi Məhəmmədəli Hüseynli, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi Daşkəsən rayonu üzrə Təhsil Sektorunun müdiri Vüsal Cəfərov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Maarifləndirici görüşdə dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılması, təhsil sahəsində korrupsiyaya şərait yaradan halların qarşısının alınması və mübarizə tədbirlərinin əhəmiyyətindən danışılıb, müvafiq normativ-hüquqi sənədlərin tələbləri diqqətə çatdırılıb. Eyni zamanda ictimaiyyət qarşısında hesabatlılığın daha da gücləndirilməsi, məmur-vətəndaş təmasının minimuma endirilməsi, əhaliyə göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi və elektronlaşdırılması, eləcə də korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən tədbirlərin davamlılığının təmin edilməsinin vacibliyini vurğulanıb.
Sonda suallar cavablandırılıb, maarifləndirici materiallar paylanıb.