Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə kooperativ təsərrüfatın üstünlükləri barədə növbəti maarifləndirmə aparılıb

16 oktyabr 2024 | 15:57

Oktyabrın 16-da Daşkəsən Rayon İcra Hakimiyyəti Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzi ilə birgə Güneykənd kəndində torpaq mülkiyyətçiləri ilə maarifəndirici görüş keçirib.

Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Elmin Paşayev bildirib ki, 90-cı illərin ortalarında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilmiş aqrar islahatlar nəticəsində torpaqların xüsusi mülkiyyətə verilməsi ilə ölkədə fermer təsərrüfatları təşəkkül tapmış və kənddə yeni iqtisadi münasibətlərin əsası qoyulmuşdur. 1995-1996-cı illərdə qəbul edilmiş "Aqrar islahatın əsasları haqqında", "Sovxoz və kolxozların islahatı haqqında" və "Torpaq islahatı haqqında" Qanunlar torpaq üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət formalarını təsbit etmiş, müasir aqrobiznesin formalaşmasına, təsərrüfat fəaliyyətinin nəticələrinə marağın və məsuliyyətin artmasına, habelə kooperasiyanın perspektiv dövrdə inkişafına şərait yaratmışdır. Əvvəllər formal olaraq "kooperativ" modelinə əsaslanan, reallıqda isə dövlət təsisatları kimi fəaliyyət göstərmiş kolxozların, habelə sovxozların mülkiyyətində olan torpaqların və əmlakın xüsusi mülkiyyətə verilməsi ilə tarixi ədalət bərpa olunmuş, fermerlərin könüllü surətdə kooperativlərdə birləşmələri üçün institusional zəmin yaradılmışdır. Qanunvericiliyə uyğun olaraq, sovxoz və kolxozların islahatı həm də torpaq və əmlak üzərində xüsusi mülkiyyətə əsaslanan birgə təsərrüfatların yaradılmasını, onların istehsal kooperativlərinə çevrilməsini nəzərdə tutur, eyni zamanda təsərrüfatların kooperasiyasına təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində də kooperativlərin fəaliyyətini tənzimləyən müddəalar öz əksini tapmışdır. Aqrar sektorun inkişafının indiki mərhələsi istehsalın effektiv təşkilini, torpaqdan səmərəli istifadəni, fermerlərin gəlirlərinin artırılmasını tələb edir. Bu vəzifələrin reallaşdırılmasında birgə təsərrüfatçılıq forması kimi kənd təsərrüfatı kooperativləri xüsusi rol oynayır. Təcrübə göstərir ki, kənd təsərrüfatında xırda əmtəə istehsalından rəqabətqabiliyyətli məhsul istehsalına keçmək, yeni texnika və texnologiyalar tətbiq etməklə məhsuldarlığı artırmaq və xarici bazarlara çıxışı təmin etmək üçün ən optimal yol kooperasiyanın inkişaf etdirilməsidir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatı kooperasiyasının formalaşması və inkişafına əlverişli şərait yaradılması məqsədi ilə son illərdə müvafiq tədbirlər həyata keçirmişdir. Belə ki, “Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 270-VQ nömrəli Qanunu qəbul edilmiş və həmin Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 iyul tarixli 996 nömrəli Fərmanının icrası ilə əlaqədar "Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı" hazırlanaraq həyata keçirilmişdir.

E.Paşayev diqqətə çatdırıb ki, təsərrüfatçılığın kooperativ forması dünyada geniş yayılmışdır. Onun formalaşması uzunmüddətli proses olsa da, kooperasiya aqrar sektorda iqtisadi effektivliyə nail olmağın başlıca şərti sayılır. İnkişaf etmiş ölkələrdə məhsul istehsalçıları təsərrüfatın gəlirliliyini artırmaq, xərcləri minimuma endirmək üçün özlərinə məxsus aqrar mülkiyyəti (torpaq, kənd təsərrüfatı texnikası və digər resursları) könüllülük prinsipi əsasında kooperativlərdə birləşdirməklə səmərəli fəaliyyət göstərmək imkanı əldə edirlər. Bəzən kooperativlər yanlış olaraq kollektiv təsərrüfatlarla (kolxozlarla) eyniləşdirilir. Halbuki bu iki təsərrüfat subyekti arasında prinsipial fərqlər vardır. Kolxozdan fərqli olaraq kooperativlər mülkiyyətçilərin müstəqil sahibkarlığına əsaslanır. Burada da torpaq və əmlakdan birgə istifadə nəzərdə tutulsa da, fermer istənilən vaxt öz daşınar və daşınmaz əmlakı ilə kooperativin tərkibindən çıxa bilər. Kolxozların vahid təsərrüfat sistemi, öz suvarma şəbəkəsi, kənd təsərrüfatı texnikası parkı, kadr ehtiyatı, anbar və avadanlığı, vahid əkin dövriyyəsi sistemi olsa da, torpaq üzərində sahiblik hissi və təşəbbüskarlıq yox idi. Kooperasiyanın əsasını fermer təsərrüfatları təşkil edir. Bu baxımdan kooperativlərin kollektiv təsərrüfatlarla eyniləşdirilməsi və ya kənd təsərrüfatı kooperasiyasının inkişaf etdirilməsi təşəbbüsünün kolxozların bərpası kimi qəbul edilməsi yolverilməzdir. Fermerlərin və kənd təsərrüfatı məhsulları istehsalçılarının kooperativ təsərrüfatlarda birləşməsi onların təsərrüfat maraqlarının qorunmasına, aqrar istehsalın səmərəliliyinin yüksəldilməsinə, məhsullarının rəqabətqabiliyyətinin artmasına əhəmiyyətli təsir göstərir. Bu baxımdan, kənd təsərrüfatında kooperasiyanın təşəkkül tapması həm dövlətin, həm də fermerlərin marağına uyğundur.

Sonra fikir mübadiləsi aparılaraq müraciət və təkliflər dinlənilib, maarifləndirici materiallar paylanıb.

Keçidlər